Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sumqayıt” (0:0, penaltilər - 4:5, ilk oyun – 0:0) yarımfinal oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:
- Rəqibi təbrik edirəm. Maraqlı oyun alındı. Futbolçularımdan razı qaldım. Son vaxtlarda çox yüklənmişik. Futbolçulara irad bildirmək də istəmirəm. Çox əziyyət çəkir, yorulurlar. Qarşıda vacib oyunlarımız var. Onları bu matçlara hazırlamalıyıq.
- Penalti seriyasında Mahir özü vurmaq istəmədi, yoxsa...
- Əvvəlcədən yazmışdıq. Şahruddini də 8-ci yazmışdım. 9 olsaydı, Mahir vuracaqdı.
- Mahir və Zubir nə üçün ilk dəqiqələrdən meydanda deyildi?
- Mahir zədədən yeni çıxıb. Bu gün o 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtların onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi futbolçular var idi ki, istəməzdim bu gün 90 dəqiqə meydanda qalsınlar.
- Şahruddin özü oynamaq istədi, yoxsa meydana çıxmaq üçün xahiş etmişdi?
- Bizdə xahişlə oynamırlar. Hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim.
- Qaçırılan penaltidə topun xətti keçdiyini düşünmürsüz?
- Qol olsaydı, yəqin ki, verərdilər. Oyun epizodu olsa, bir az şübhə yarana bilərdi. Ancaq orda yan haki xəttin yanında idi. Fikir bildiriləsi, epizod deyildi.