"Ötən mövsümün sonunda mən Portuqaliyada idim. Mövsüm bitdi və "Qarabağ"ın mənimlə maraqlandığı ortaya çıxdı. Agentimlə əlaqə saxladılar, danışıqlar müsbət yekunlaşdı".
Sportal.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Kadi Yuri Borqes Malinovski "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi komandaya tam uyğunlaşmadığını bildirib: "Klubda çox yaxşı qarşılandım. Hələ uyğunlaşma prosesi gedir. Buna baxmayaraq özümü burada çox yaxşı hiss edirəm. İstənilən halda oyunda bir-birimizlə yaxşı anlaşmaq üçün vaxt lazımdır. Amma digər məsələlər barədə hər şey qaydasındadır".
Malinovski 20 nömrəli formanı seçməsini belə izah edib: "Qarabağ"ın tarixinin ən yaxşı oyunçusunun bu nömrə ilə çıxış etdiyini bilmirdim. Amma mənim kumurim Aleks De Souza bu forma ilə çıxış edib. Mənim komanda yoldaşım da olub. 20 nömrəli forma başqasında olsaydı, xahiş edəcəkdim ki, mənə versin".
Braziliyalı oyunçu Konfrans Liqasındakı hədəfləri və II təsnifat mərhələsindəki rəqibləri İsrailin "Aşdod" klubu haqqında danışıb: "Bu, bizim üçün böyük çağırışdır. Hələ mövsümün əvvəlidir, çox səylə çalışırıq. Qarşımıza hansı hədəf və məqsədlərin qoyulduğunu baş məşqçi bizə müntəzəm izah edir. Biz də çalışacağıq ki, əlimizdən gələni edək və istəyiməzə çataq".
Yarımmüdafiəçi ona bəslənən ümidləri doğrultmaq istədiyini əlavə edib. Malinovski klub haqqında daha əvvəldən məlumatının olduğunu da diqqətə çatdırıb: "Çempionlar Liqasında və avrokuboklarda çıxışlarını görmüşdüm. Amma dərindən məlumatım yox idi. Portuqaliyada bəzi tanışlardan soruşdum. Hamısı buna müsbət yanaşdı və təklifi qəbul etməli olduğumu bildirdi. Hazırkı komanda yoldaşım Patrik Andrade ilə əlaqə saxladım. O, mənə dedi ki, ölkənin ən böyük və yaxşı klubudur, düşünmədən təklifi qəbul et” (Report).
saytlarin hazirlanmasi