Futbol veteranı Aslan Kərimov Sportal.az saytına müsahibə verib.
- "Neftçi"nin "Dinamo" ilə qarşılaşmadakı şanslarını necə dəyərləndirirsiniz?
- Kağız üzərində “Neftçi” favorit görünə bilər. Ancaq “Dinamo” və Gürcüstan futbolunu nəzərə alası olsaq, şanslar əslində, bərabərləşir.
- Lakin "Neftçi"ni bu oyunda favorit hesab edənlər az deyil. Onda razı deyilsiniz "Neftçi"nin favorit olması ilə?
- Mənə görə favorit saymaq olmaz, hər iki komandanın şansları eynidi. Ola bilər ki, maddi tərəfdən, bir də “Neftçi”nin son çempionatda yaxşı oyun göstərməsindən sonra ən azından azarkeşlər tərəfindən favorit sayıla bilər. Amma məncə, şanslar 50/50-di, heç kimin ekstra şansı yoxdu. Bəli, xırda nüaslar var. “Neftçi”nin oyun planında dəyişiklik olmayacaq, Samir Abasovun oyun stili, oyun planını bildiyimə görə bunu deyə bilərəm ki. Yəqin ki, “Dinamo”nu analiz edib, onların oyun üslublarına bələddilər. Sadəcə xırda oyunçu dəyişikliyi edəcək. Anton Kritovstuk gedəndən sonra mərkəzdə kimlərisə onun əvəzində oynatmağa cəhd edəcəklər. Bu baxımdan məlum məsələ “Neftçi” üçün başağrı ola bilər.
- “Neftçi” hücumçu transfer etmək istəsə də, hələ ki, buna nail ola bilmədi. Sizcə, bu fakt “Neftçi” üçün “Dinamo” ilə oyunlarda nə dərəcədə təsirli olacaq, yoxsa sizcə, cütün taleyini həll edəcək oyunçuları var?
- Premyer Liqamızdakı istənilən komanda üçün keyfiyyətli hücumçuya ehtiyac var. Bir hücumçu olmayan qol şansını reallaşdırırsa demək bu avantajdı. Çempionlar Liqası, Avropa Liqasında irəliləmək istəyirsənsə, keyfiyyətli hücumçun olmalıdı. Amma bu oyunda hücumçu məsələsinin böyük təsir edəcəyini düşünmürəm. Mənə elə gəlir ki, Mirabdulla Abasov hücumda oynasa belə, “Neftçi” istədiyi planı meydanda qoya biləcək. Çünki bu heyətlə də “Qarabağ” kimi komandaya qarşı istədiyini ortaya qoya bilmişdilər. Düşünmürəm ki, “Dinamo” “Qarabağ”dan güclü olsun. Bu mənada ilk mərhələdə hücumçu transferinin olmamasının “Neftçi” üçün o qədər də başağrı olacağını düşünmürəm.
- Bəlkə də hamı bu fikirdədi ki - "Dinamo"nun baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycanda uzun illər işləməsi gürcü komandası üçün üstünlük qazandırır. Sizcə də belədi?
- Bəli, bu Gürcüstan komandası üçün üstünlükdür. Kaxaber Sxadadze Azərbaycan futbolunun cikini də bilir, bikini də. Burada uzun illər işlədiyinə görə, bizim oyunçuların, bizim klubların oyun stillərinin hansı istiqamətdə getdiyini təxmin edir. Ölkəmizdə çempionluğu da olub. Bizi yaxşı tanıması “Dinamo” üçün əməlli-başlı üstünlük təşkil edəcək. Digər tərəfdən, Samir Abasov Kaxaberin oynatdığı futbola bir az uyğun futbol oynadır. Avropada hələ 5-li müdafiə ilə oynamaq tendensiyada olmadığı halda belə, Kaxaber bizdə 5-li müdafiə ilə futbol oynadırdı. Samirin atacağı hansısa addımlar Kaxa üçün sürpriz olmaya bilər. Burada strategiya, taktika yox, oyunçuların keyfiyyəti məsələni həll edəcək. Nə Samir Kaxanın oyununa məəttəl qalası deyil, nə də Kaxa Samirin. Çünki Samir də “Dinamo”nun hansı üslubda oynaycağını əlinin içi kimi bilir. O cümlədən Kaxa “Neftçi”nin. Məşqçilər bir-birinə sürpriz edə biləcəyinə inanmıram. Oyunun taleyində futbolçuların keyfiyyəti həlledici.
- Yeri gəlmişkən, səfər qolunun ləğv edilməsi “Neftçi” üçün daha rahat oynamağa imkan verir?
- Səfər qolunun ləğv edilməsi heç bir şeyi dəyişmir. Həm “Dinamo”, həm “Neftçi” üçün də eyni qərardı. Hansısa komandaya avantaj vermir. Sadəcə məsələn, əvvəllər bir qol vurub müdafiəyə çəkilmək, “Neftçi” üçün avantaj gətirərdisə, indi gətirməyəcək. Və ya “Dinamo” evdə 0:0 oynayıb, gəlib Bakıda 1:1 oynamaq istəməsi üstünlük qazandırardı, amma indi belə olmayacaq. Ona görə hər iki komanda həm Gürcüstanda, həm də Azərbaycanda sona qədər mübarizə aparacaq.