“Legiya”nın hücumçusu Mahir Emreli Polşada “Super Express” nəşrinə geniş müsahibə verib.
Sportal.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü həm “Legiya”nı seçməsinin səbəbini açıqlayıb, həm də gələcək hədəflərindən danışıb.
- Varşavaya gəldiyiniz zaman hava limanında sürprizlə qarşılandınız. Azərbaycanlı azarkeşlərin sizi qarşılamasına təəccüblənmədiniz?
- Məni öz ölkəmdə tanıyırlar, amma Polşadakı soydaşlarımızı gözləmirdim. Məni belə qarşılamalarından çox məmnun oldum. Bu, onları məyus etməmək üçün mənə əlavə motivasiya oldu. Gözəl qarşılamaya görə onlara təşəkkür edirəm. Sosial mediada da pərəstişkarlarımdan müsbət rəylər alıram.
- “Qarabağ”dan ayrılıb “Legiya”ya keçməyinizə səbəb nə oldu?
- “Qarabağ” və “Legiya” liqalarındakı ən yaxşı klublardır. Həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparan komandada oynamaq istəyirəm. Altı ili “Qarabağ”da keçirdim, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynadım. Özümü Azərbaycandan kənarda sınamağın vaxtının gəldiyini düşündüm. “Legiya” mənimlə həqiqətən maraqlandığını göstərdi. Bu da seçimimdə vacib rol oynadı. Burada məni istədiklərini hiss etdim.
- Başqa haradan təklif aldınız?
- Azad agent olduğum üçün təklif çox idi. Belçika, Portuqaliya, Danimarka, Serbiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Rusiyadan təkliflər almışdım. “Legiya” Polşanın zəngin tarixə malik ən yaxşı klubudur. İnternetdə azarkeşlərinin komandanı necə dəstəklədiyini izlədim. Məndə çox xoş təəssürat yaratdı. Varşavadayam və bunun mənim üçün yaxşı bir addım olduğunu düşünürəm. Polşada mümkün qədər çox kubok qazanmaq istəyirəm. “Legiya”ya kömək etsəm, daha irəli gedib, başqa komandaya transfer imkanı qazanacağam.
- Gələcəkdə hansı liqada oynamağı hədəfləyirsiniz?
- “Top-5”dəki klublardan birində oynamaq istərdim. Məsələn, Bundesliqanı, Almaniya futbolunu çox sevirəm. Amma bu o demək deyil ki, artıq oradayam (gülür).
- “Qarabağ”ın heyətində Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. Bu turnirlərlə bağlı xatirələriniz nələrdir?
- Dörd il əvvəl Çempionlar Liqasının təsnifat mərhələsinin həlledici raundunda “Kopenhagen”lə qarşılaşdıq. Mənim vurduğum qoldan sonra evdə 1:0 hesablı qələbə qazandıq. Cavab görüşündə uduzduq, lakin tarixdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə adladıq. Bu, mənim üçün ən vacib oyun oldu, çünki klubun uğur qazanmasına töhfə verdim. Qrupda “Atletiko” ilə iki dəfə heç-heçə etdiyimizi xatırlayıram. Bakıda qolsuz bərabərə qaldıq. Madriddə qələbə qazanma şansımız da var idi, görüş 1:1 yekunlaşdı. Ancaq zədəli olduğum üçün həmin oyunu buraxmışdım.
- Avrokuboklardakı oyunlarınızdan xatirə hədiyyələriniz var?
- Matçlardan sonra rəqiblərimlə forma dəyişmirəm. Bunu yalnız bir dəfə “Çelsi” ilə görüşdə etmişdim. Mənim qohumum ingilis klubunun azarkeşidir. Ad günü idi və ona hədiyyə vermək istədim. Villiamla formamı dəyişdirdim. Digər görüşlərdən qollarım var.
- Azərbaycanda iki dəfə mövsümün bombardiri oldunuz...
- Ötən mövsüm üç dəqiqə ərzində 3 qol vurdum. Bu, Azərbaycan liqası tarixindəki ən sürətli het-trikdir. “Qarabağ” tarixində çempionatda ikinci bombardirəm. Azərbaycan millisindəki qol sayı məni qane edir. Farer adaları qapıçısını 30 metrlik məsafədən zərbə ilə məyus etdim. Bu qoldan sonra jurnalistlər mənim azərbaycanlı Xristo Stoiçkov olduğumu, məşhur bolqar kimi qol vurduğumu söylədilər. Bilirəm ki, bundan əvvəl dediklərim sadəcə rəqəmlərdir, amma belə bir əfsanə ilə müqayisə olunmağımdan xoşbəxt idim. Bu səviyyəyə çatmaq üçün çox yolum var. Yalnız gələcək vacibdir.
- “Qarabağ”da Yakub Jezniçakla birlikdə oynamısınız. O, Polşa və “Legiya” haqda sizə nə deyib?
- Həmin iki ili yaxşı xatırlayıram, bizim və “Qarabağ” üçün yaxşı vaxtlar idi. Mən onunla danışdım. “Legiya”ya qoşulmağımın yaxşı fürsət olduğunu, çünki Polşanın ən böyük klubu olduğunu söylədi. Mənə burada uğur qazana və daha da inkişaf edə biləcəyimi, bunun hər iki tərəf üçün faydalı olacağını başa saldı. Mənim üçün bu transfer yaxşı addımdır. Kubanın sözləri qərar verməyimə kömək etdi. Mövsümün ilk turunda Plotsk “Visla”sı ilə qarşılaşacağımızı gördüm. Kuba ilə görüşmək üçün səbirsizlənirəm.
- Bu mövsüm üçün hədəfləriniz nədir?
- “Legiya”da yalnız qələbə vacibdir. Bu münasibət xoşuma gəlir, çünki qələbəni hədəflədiyinizi bilirsiniz. Eqoist insan deyiləm. İlk növbədə komandaya kömək etmək istəyirəm. Özümün yox, klubun maraqları daha vacibdir. Ən önəmlisi “Legiya”nın çempionluğudur, məsələn, Mahir Emrelinin bombardir olması yox. Əlbəttə ki, bunu etsəm, əlavə motivasiya olacaq. Ancaq titul qazanmasaq, fərdi mükafatın heç bir dəyəri olmayacaq. Bu səbəbdən mənim deyil, “Legiya”nın uğuru sayılır.
- Azərbaycan millisində də bir çox futbolçuya qarşı oynamaq fürsətiniz oldu. Məsələn, Portuqaliya ilə matçda Kriştiano Ronaldoya qarşı. Özünüzü kimə bənzətməyə çalışırsınız?
- Mənim kumirim Zlatan İbrahimoviçdir. Buna görə futbolu çox sevirdim. İbra nəhəngdir. Bir çox hücumçuları izləyirəm, nə vaxtsa onların səviyyəsinə yaxınlaşmaq üçün hər birindən bir şey götürməyə çalışıram. Fikrimcə, Robert Levandovski və Kərim Benzema hazırda dünyanın ən yaxşı hücumçularıdır. Polşalı unikaldır. Onun cərimə meydançasında necə davrandığını izləyirəm. Güclü zərbə ilə qol vurmur, amma böyük hiyləgərlik edir. Bu onun ən yaxşı xüsusiyyətidir. Mən də Levandovski kimi texniki cəhətdən zərbə vurmaq istərdim. Bundan əlavə, onun böyük motivasiyası var. O qədər qol vurmasına baxmayaraq, hələ də acdır. Mən daha çox şey istəyirəm. Hər hücumçu belə olmalıdır.