"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına verdiyi geniş müsahibədə "Qarabağ" haqda danışıb.
Sportal.az xəbər verir ki, o, Ağdam təmsilçisinin Rusiya Premyer Liqasında çempionluq mübarizəsi apara biləcək gücdə olduğunu deyib:
"Qarabağ"ın Rusiya Premyer Liqasında birincilik uğrunda mübarizə aparacaq gücdə olması cəfəngiyat deyil, doğrudur. Azərbaycana gələndən bir-iki ay sonra məndən bu barədə soruşanda cavab verdim ki, "Qarabağ" Rusiyada 3-4-cü yerlər uğrunda mübarizə aparar. Amma indi görürəm ki, 100 faiz çempionluq uğrunda mübarizə apara bilər.
"Qarabağ"ın Avropadakı son oyunlarına - 3:0 hesabı ilə qalib gəldiyi "Olimpiakos" və "Nant"la matçlarına baxsaz, onların necə çıxış etdiyini başa düşəcəksiz. Əks-hücumda oynamırlar, "avtobus" qurmurlar. Onlar 4 ən fəal cinah oyunçusu ilə oynayırlar. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Onlardan tam üstün olublar".
Musayev "Qarabağ" niyə belə güclüdür?" sualına cavabında deyib: "Klubda sabit struktur var, 14 ildir, eyni baş məşqçi işləyir. Hər şey kərpic-kərpic qurulub. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar. Onların modeli haqqında danışsaq, bu, mənim vaxtımdakı "Krasnodar"a bənzəyir. Hücumçular Petrov və Kaleşin kimi çox fəal cinah oyunçularıdır. Qaçırlar, kombinasiya edib birləşdirə bilirlər. Və vacib olan - onların iki yaxşı heyəti var. Avropadakı matçdan üç gün sonra yerli çempionatda keyfiyyətli oyun göstərirlər. Məsələn, "Ferentsaroş"la ev matçında Kadi kimi vacib oyunçuları yox idi. İki mərkəz müdafiəçisi oynamırdı - biri kapitan, ikincisi isə çox yaxşı oyunçudur. Ancaq yenə də mərhələ keçdilər. "Qarabağ" Rusiya ilə müqayisədə az pula keyfiyyətli oyunçular alır".