Qurban Qurbanov: "Heç nədən çəkinmirik"

19:44 - 11 Fevral 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Maraqlı oyun alındı. Qış fasiləsindən sonra ilk matç idi ki, dinamik, sürətli keçdi. Futbolçularımdan razı qaldım. Bu gün heç bir komanda uduzmağa layiq deyildi. Hər iki komandaya uğurlar arzulayıram. Ədalətli nəticə bərabərlik idi.

 

- Qapı mövqeyi haqda fikriniz necədir?

- Düşünsək ki, "Gent"lə oyuna Aminlə çıxmağa qorxuruq, yox qorxmuruq.  Heç vaxt qorxmamışıq. "Gent" yaxşı komandadı, yaxşı liqada oynayır, keyfiyyətli futbolçuları var. Hansı oyunçu ilə də meydana da çıxsaq, istənilən rəqibin üzərinə getməyi qarşımıza məqsəd qoymuşuq. Hansısa oyunu böyük hesabla uduza da bilərik. "Qarabağ"da əvvəllər gənc futbolçularla çox güclü klubların qarşısına çıxmışıq. Meydana kim çıxırsa, ona güvənirəm, inanıram. Heç nədən çəkinmirik.

 

- "Marsel"lə matçda "feyr-pley" etmiş adamsınız. "Sabah"ın mübahisəli penalti epizoduna necə şərh verərdiniz? Sizcə, "Qarabağ"ın Elçin Məsiyevin rəğbət bəsləməsinə ehtiyacı var?

- Elə dediz ki, sanki, Elçin bizim qohumumuzdur. Epizoda baxmısız, ya yox bilmirəm. Ramil Şeydayevin epizoduna da baxmısız? Mənim "fey-pley"imlə düzgün müqayisə etmədiniz. Hakimliklə bağlı o qədər yeniliklər var. Baxmaq lazımdır ki, Romao haradadır, məsafə nə qədərdir. Ən ədalətli insanlar hakimlər olmalıdır. Ən ağır peşə də onlarındır. Xahiş edirəm, bu epizodla mənim etdiyim "feyr-pley"i yan-yana qoymayın. Bu mənə aid olmayan epizoddur.

 

- Qapıda Amin Ramazanova şans verirsiz. Bu, onu "Gent"lə oyuna hazırlamaq anlamına gəlir?

- Bugünkü heyət o demək deyil ki, "Gent"lə matça belə çıxacağıq. Rəqibin oyunlarına baxacağıq. Ondan sonra qərar verəcəyik. Elə anlar var ki, biz tələsməli deyilik. Hər bir futbolçunun "Gent"lə qarşılaşmada oynamaq ehtimalı var. Qarşıdakı günlərdə baxacağıq kim hansı səviyyədədir. Musa da olsa, Amin də olsa, nə vaxtsa bu oyunun gücünü hiss etməlidir.

 

- Yeni gələnlərin durumundan nə dərəcədə razısız? 

- İşə yanaşmalarından razıyam. Hazırlıqları məmi tam qane etmir. Diakabi bizə tez qoşulmuşdu. O da oyunlardan, məşqlərdən uzaq qalmışdı. Diakabinin hazırlığı digərlərinə baxanda daha yaxşı səviyyədədir. Amma ona da vaxt lazımdır. Benzia da öz formasından çox uzaqdır. Ona çox vaxt lazım ola bilər ki, əvvəlki formasını bərpa etsin. Tələsmirik. Ehtiyatlanırıq. Diakabi "Şamaxı" ilə matçda meydanda oldu, əzələsində bir az dartırlma oldu. "Gent"lə matç vacibdir. İstəyərdim ki, hamısı hazır olsun. İnanıram ki, hər üçü də komandamız üçün faydalı oyunçular olacaq.

 

- "Gent"in oyununu izləməyə kimisə göndərmisiz? Hansı məlumatları əldə etdiz?

- Özüm də getmişdim.Bu gün heç kim getməyib. Ehtiyac görmədim. Vacib oyunumuz var idi, diqqətimiz buradaydı. Fərqli komandadı, fərqli sistemdə oynayırlar. Çox sürətli oyunçuları var, sürətli hücumlara keçirlər. Bizə xoş olmayan komandadır. Biz belə rəqiblərə qarşı çox oynamışıq. Son oyunlarına baxıb, ətraflı məlumat yığacağıq. İstəmərik ki, hansısa rəqibdən çəkinək.

 

- Ramil Şeydayevin xarici klublardan təklif aldığı deyilir. Onunla danışıq aparacaqsız?

- Buna normal baxıram. Çünki, hər bir çempionatda üzdə olan oyunçulara maraq böyük olur. Bombardirlər sırasındadırsa, mütəmadi oynayırsa, maraq olacaq. Ramilin maya kimi bizimlə müqaviləsi var. "Transfer pənəcərisi" də bağlanıb. Harasa getməsi real görünmür. Bizimlədir. Danışıqlar aparacağıq.

 

Mirbağırağa

Xəbər xətti