Qurban Qurbanov: "İstənilən matçda xal itirmək ehtimalımız var"

20:38 - 11 Mart 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 26-cı turunda öz meydanında "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib oyun idi. Vacib üç xal qazandıq. Oyundan razı qaldım. Çünki futbolçular topla dinamik rəftat edirdilər. Bu, bizim üçün vacib idi. Bilirdik ki, rəqibin yaxşı əks-hücumları var. Hücumda olmağımıza baxmayaraq, müdafiədə də diqqətli oynadıq. Sadəcə rəqibə ilk hissəsinin sonunda qol epizodu verdik. Yaxşı, dinamik oyun keçirdik.

- Çempionatda ilk və son pillədəki komandalar oynadı. Səviyyə fərqi çox idi?
- 3:0 hesabı ilə qalib gəlsək də, asan olmadı. Desək ki, çoxlu sayda qol epizodu yaratdıq.. Var idi, amma elə də çox deyildi. "Səbail"i başa düşmək olar. Səfərdə oynayırdılar, sonuncu yerdədilər deyə, istər-istəməz ehtiyatlanırdılar. Deməzdim ki, böyük fərq var. "Səbail" "Sabah"ı kubokdan uzaqlaşdırıb. Biz özümüz kənarda qalmışıq. Hər bir komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Büdcə fərqi, şərait fərqi ola bilər. Amma futbol indi elə səviyyədədir ki, istənilən komanda istənilən şəraitdə bacarıqlı müqavimət göstərir.

- Rahat qələbə qazandız, çempionluğu demək olar ki, təmin etmisiz. Azarkeşlər sizdən Avropada uğur gözləyir. İndidən planları cızırsız, yoxsa çempion olduqdan sonra?
- Tam düşündüyümüz deyil. Çünki qarşıda 10 oyun var. 10 oyun 30 xal deməkdir. Bizim hələ qarşıda çox gərgin oyunlarımız var. İstənilən matçda xal itirmək ehtimalımız var. Əsas rəqiblərimizə qaşrı da oyunumuz olacaq. 9 xallıq fərq var, amma uduzan kimi altıya düşür. Bu barədə düşünmürük. Çempion olmaq istəyirik. Mövsümboyu bunun üçün çalışırıq. Amma bu gün hələ heç nə təmin olunmayıb. Lazım gələndə gələcək planlarımıza vaxt ayırırıq.

- Qarşıda millinin oyunları var. Gözləntiləriniz nədir? 
- Uğurlar arzulayıram. Həmişə inamla baxmalıyıq. İstənilən şəraitdə belə olmalıdır. Bütün futbolçularda çox böyük beynəlxalq təcrübə var. Əlbəttə ki, rəqiblərə həmişə real baxmalıyıq. Öz komandamdan millidə kimi görmək istəyərəm? Bu, mənlik deyil. İllərboyu xeyli sayda futbolçularımız gedib. Kimi uyğun görürlər, dəvət edəcəklər. Hər bir futbolçu millidə ən yaxşılardan olmalıdır. Həm oyunda, həm intizamda.

- Əlçatmaz olmaq hər zaman yaxşıdır. Amma söhbət bizim liqadan gedirsə və burada avrokuboklar varsa, sanki fərqli mənzərə yaranır. Bu mənada, əlçatmaz olmağınız sizi narahat edir? Yəni rəqiblərin sizinlə başabaş futbol oynaya bilməsinə daha çox sevinərdiz?
- Bu mövzu haqda çox fikir bildirə bilməyəcəm. Ölkə futbolunun daha yaxşı səviyyədə olması üçün çempionatın səviyyəsi yuxarı, klubların şəraiti daha yaxşı olmalıdır. Bizim Avropada oyunlarımıza təsir edir, ya yox? Çətin sualdır. Buna tam açıq cavab verə bilməyəcəm. Amma hər bir halda özümüz daxil səviyyəmizi daha da yaxşılaşdırmalıyıq. Maraq daha böyük olmalıdır. Çox istəyərdim ki, liqanın səviyyəsi yaxşılaşsın. Xeyli dəyişiklik var. Məşqçilərimiz çox yaxşı səviyyəyə gəlib çatırlar. Hər oyun istənilən rəqibə qarşı asan olmur. Bizə qarşı düzgün oyun qururlar. Bu, məni sevindirir. 

- Filip Ozobiç və Ramil Şeydayevi gələcək sezon üçün komandada düşünürsüz?
- Haızrda bizim futbolçularımızdı. Qarşıda vaxtımız var. 

- Səbrli adamsız. Amma Diakabi və Benzianın zədələnməsi sizi sıxmırki?
- Desəm ki, darıxdırmır, darıxdırır. Planlarıma görə bu gün hər iki futbolçu çox yaxşı səviyyədə olmalıydılar. Əfsuslar olsun ki, mikrozədələr mane oldu. Ona görə ehtiyatlanırdıq. Bəlkə də, çox ehtiyatlandıq deyıə, belə oldu. Çox istəyərdim ki, zədələnməsinlər. Biz yenə səbr edərik. Hər bir halda belə potensiallı futbolçuların formaya düşməsini istəyərdim. 

- Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün addımlar atılır. "Beşiktaş" Azərbaycan klubları ilə danışıq aparır. Bu barədə fikriniz necədir? Onlar təklif edib dostluq matçı üçün?
- "Beşiktaş"la bağlı elə danışığımız olmayıb. Digər komandalara təkliflər varsa, yaxın günlərdə bilinəcək. Hamımız belə oyunun keçirilməsini istəyərdik. Yəqin ciddi olduğu vaxt klub tərəfindən məlumat veriləcək. Bildiyim qədərilə "Beşiktaş"la danışıq aparılamyıb.

Mirbağırağa

Xəbər xətti