"Bəli, iki mövsüm əvvəl Qurban Qurbanov "Hatayspor"a gələ bilərdi. Mən də onda bu klubda işləyirdim. İdman direktoru olaraq mən onu gətirmək istəmişdim. Təbii ki, gəlsəydi, burada uğurlu olardı. Qurban Qurbanovu çox yaxından izləyirəm. Onu çox yaxşı tanıyıram. Dünyanın harasına getsə, uğurlu ola bilər. Çünki çox çalışqandır, futbolu çox yaxşı bilir, çox yaxşı baş məşqçidir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Fatih Kavlak deyib. Vaxtı ilə "Qəbələ"də çalışmış türkiyəli mütəxəssis son olaraq Türkiyə Superliqasının təmsilçisi “Girəsunspor”da idman direktoru vəsifəsində işləyib. Kavlak "Hatayspor"da çalışdığı dönəmdə Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyindən söz açıb. O, Qurbanovun “Qarabağ”da gördüyü işlərin önəmliyindən danışıb:
"Qurban Qurbanovun avrokuboklarda "Qarabağ"la etdiklərini hamı görür, siz məndən daha yaxşı bilirsiz. Mən də yaxından izləyirəm onu. Çox böyük işlərdir, asan deyil. Onun "Qarabağ"da göstərdiyi böyük stabillik nümunəsidir. O, Türkiyə və ya başqa ölkəyə də gedib rahatlıqla çalışıb, uğur qazana bilər. Sadəcə futbolda hər zaman stabilliyin önəmli olmasından danışırıq. Qurban Qurbanov "Qarabağ"da bunu reallaşdırdı. Klub rəhbərliyi və baş məşqçi bir-birinə dəstək oldu. Nəticədə böyük uğurlar qazandılar və qazanmğa da davam edirlər. Sadəcə möhtəşəmdir. "Qarabağ"ı izləmək həm qüruruverici, həm sevindiricidir".
Mirbağırağa