"Bundan sonra Region Liqasına daha çox baxacağıq".
Sportal.az xəbər verir ki, bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da Region Liqası təmsilçisi "Difai" ilə görüş barədə danışarkən deyib.
Qarşı tərəfin belə bir görüş istədiyindən xəbərdar olduğunu söyləyən 51 yaşlı mütəxəssis təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib:
"Çox xoş oldu. Çünki biz hər zaman qazilərimizə borcluyuq. Allah onlardan razı olsun, şəhidlərimizə rəhmət eləsin!
Region Liqasının oyunları mənim üçün də maraqlı idi. Bundan əvvəl də maraqlı hadisələr danışırdılar.
Hər zaman demişəm ki, turnirin adından asılı olmayaraq, normal səviyyədə keçirilirsə, orada futbola sevgi və maraq artır.
Xüsusilə də bunun regionlarda olması heç də pis deyil. "Difai" çox gözəl layihədir. İmkan olduqca, onlara azarkeşlik edəcəyik".
O, yeni mövsümdən I Diviziona 4 komandanın buraxılacağı ilə bağlı məsələyə də toxunub:
"Həmişə komanda sayının artırılmasının tərəfdarı olmuşam. Amma burada bizdən asılı olmayan amillər var.
Bu, mənə aid olan məsələ deyil. Hər bir halda bir komandanın aşağı dəstəyə düşməsi, əvəzinə başqa klubun gəlməsi maraq doğurur.
Belədə hər şey daha ciddi olur, hər kəs işinə daha məsuliyyətlə yanaşır. Mənə aid olan məsələ olmasa da, istərdim ki, komandaların sayı daha da artırılsın, çempionatın səviyyəsi artsın".
saytlarin hazirlanmasi