"Qurban Qurbanov məni göstərib dedi ki, Paşa "əjdaha" futbolçu olub"

17:44 - 13 Aprel 2023

Regional Liqada mübarizə aparan "Difai" klubu "Qarabağ"ın qonağı olub. Komandanın baş məşqçisi Paşa Əliyev tanışlıq məqsədilə iki komanda arasında keçirilmiş görüşlə bağlı Sportal.az saytına açıqlama verib. 

O, Qurban Qurbanovla dialoqundan da danışıb: 

"Klub rəhbərliyi "Qarabağ"la görüş təşkil etdi. Qurban Qurbanov da sağolsun, bizi çox gülərüz, çox gözəl qarşıladı. “Neftçi”də onunla birlikdə oynamışıq. Amma bu qədər sadə insan olduğunu bilmirdim. Fikirləşdiyimizdən də sadə biridir. Görüş zamanı hətta məni göstərib dedi ki, Paşa "əjdaha" futbolçu olub. Mən isə bildirdim ki, Qurban Qurbanov məndən də güclü futbolçu idi. Həqiqətən Qurban güclü futbolçu idi axı, amma baş məşqçi kimi ondan da güclü olmağı bacardı. Mənə görə indiyə qədər ən güclü məşqçi Ruslan Abdullayev idi. İnsanlığını da, məşqçiliyini də bəyənirdim. “Neftçi”də və “Dinamo”da baş məşqçim olub.

Qurban Qurbanov isə onun rekordlarını vurdu. Qurban müəllim söz verdi ki, bizim çıxışımızı izləyəcək, nə dəstək lazımdırsa verəcək. Allah bütün qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət etsin. Öncə birinci diviziona çıxıb, oradan isə Premyer Liqaya yüksəlmək fikrindəyik”.

Xatırladaq ki, “Difai” qazi futbolçulardan təşkil edilmiş komandadır.

Mirbağırağa

Xəbər xətti