Qurban Qurbanov: "İmkanım olsa, özüm də oynayaram"

22:50 - 8 May 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

Bizim üçün çox vacib oyun idi. Şükürlər olsun ki, çox vacib 3 xal əldə etdik. Aktiv və aqressiv bir komandaya qarşı oynayırdıq. Sona kimi mübarizə getdi. İlk hissənin ortalarına kimi oyuna istədiyimiz kimi nəzarət edə bilmirdik. Get-gedə oyunu elə ala bildik. Xeyli sayda qol epizodlarımız oldu. Futbolçular sona kimi oyundan qopmadılar. Bizim üçün çox faydalı bir oyun oldu. 

- "Qəbələ" yüksəlişdə olan komanda idi, bir aydır uduzmurdular. Belə hesabı gözləyirdiniz?

- Biz heç vaxt hesab barədə düşünmürük. Bizim üçün 90 dəqiqə oyun intizamını qoruyub-saxlamaq vacibdir. Belə olan halda qapında qol görmürsən. Əksinə, rəqib üzərində təzyiq yaradırsan. "Qəbələ" asanlıqla qol buraxan komanda deyil. Hücumda oynamağı daha çox xoşlayırlar. Belə hesab gözləmirik. Əlbəttə istəyirik. Hər qol komanda üçün inam verir. 1:0, 2:0 sürüşkən hesabdır. Bizim üçün qələbə vacib idi. Doğru deyirsiniz, "Qəbələ" son vaxtlar yüksəlişdə idi. Mənim üçün vacib olan düşündüklərimizi meydanda yerinə yetirmək idi. 

- Bu turda heç bir oyunda Azərbaycan futbolunun yetirməsi qol vurmamışdı. Bu gün "Qarabağ"da Elvin Cəfərquliyev fərqləndi. Sizcə, bu, təsadüfdür?

- Oyundur da, olur. Belə hallar çox olub. Təsadüfdür yəqin. Statistikaya heç vaxt baxmamışam. Allah qoysa, vurarlar, sayları çoxalar. Hücumçuların sayı çoxalsa, inanıram ki, qollar da çoxalar.

- Komandadan gedəcək və gələcək futbolçuların siyahısı var? 

- Yox, hələ yoxdur. Çünki, bütün fikrimizi çempionata yönəltmişik. Bu barədə heç düşünməmişik. Danışıq apardığımız oyunçular var.

- Bu yaxınlarda Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov deyib ki, gələn ildən çempionatda Premyer Liqa klublarının minifutbol kollektivləri iştirak edə bilər. "Qarabağ"da belə plan var? İştirak edəsi olsanız, özünüz və ya məşqçilərdən kimsə, oynayar çempionatda? 

- Maraqlı təklifdi. Orxan müəllim son vaxtlar Azərbaycan futbolunda qeyri-adi fikirlər irəli sürür. Sanki, futbolu sevdirmək üçün gözəl addımlar atır. Bu təklif də mənim üçün maraqlı oldu. İmkanım olsa, özüm də oynayaram. Amma hər bir halda, proqram tam hazır olduqdan sonra tam müzakirə etmək olar. Ümumilikdə maraqlı təklifdir. Bir neçə oyuna baxmışam. Hətta minifutbol yığmamız Avropa çempionu olanda bir neçə matçlarına baxdım. Çox böyük ajiotaj var idi. Bu cür turnirlər, oyunlar futbola marağı daha da artırır. Mən yox demərəm. İmkanım, gücüm olsa, özüm də oynayaram.

Elçin Əlixan

Xəbər xətti