Adətən ərəb ölkələrindən olan investorlar Avropanın aparıcı liqalarını təmsil edən klubları almağa maraq göstərsələr də, bu dəfə Azərbaycan çempionatı da diqqəti cəlb edə bilib. “Qarabağ”ın uzun illərdir avrokubokların qruplarında oynaması da bu məsələdə mühüm rol oynayıb.
Sportal.az saytına daxil olan məlumata görə, Qətər şirkətlərindən biri Azərbaycanda klub almaq istəyir. Əsas hədəf həmin klubun qarşıdakı illərdə Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsidir. Əslində, ilkin variant olaraq, Qətər şirkətinin elə “Qarabağ”ı almaq istəyində olması deyilir. Lakin Ağdam klubunun “Azərsun Holdinq”ə məxsus olduğunu və satılmadığını öyrəndikdən sonra digər klubları nəzərdən keçirməyə başlayıblar. “Sabah” və “Neftçi”nin də güclü sponsorlara malik olduğunu nəzərə alsaq, bu klubların da satılması real görünmür.
Adı açıqlanmayan Qətər şirkətinin yeganə tərəddüdü odur ki, “Qarabağ” kimi güclü, “Sabah” və “Neftçi” kimi imkanlı sponsorları olan klublarla mübarizədə çempionluğa oynayan komanda yaratmaq asan olmayacaq. Yaxın aylar ərzində həmin şirkət rəhbərliyinin bu məsələ ilə bağlı bir qərar verəcəyi gözlənilir. Ya “Qarabağ”a rəqib komanda yaradacaqlar, ya da arzularını başqa ölkədə gerçəkləşdirməyi seçəcəklər.
saytlarin hazirlanmasi