"Qarabağ"ın futbolçusu Qara Qarayev Premyer Liqanın 36-cı turunun "Turan Tovuz"la matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 31 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:
- Bu komandanın uğurlarının tərkib hissəsi olmaq məni sevindirir. Həyatımın ən önəmli titullarını, uğurlarını "Qarabağ"da qazanmışam. Ard-arda çempionluqlar qazanmaq, loqomuza ikinci ulduzu əlavə etmək məni qürurlandırır. Hər kəsə təşəkkür edirəm. Bizdən çempionluqları almaq istəyən çox komandalar olub. Şükürlər olsun ki,biz bunu verməmişik.
- Bu çempionluq sanki əvvəlki illərlə müqayisədə bir az çətin oldu. Sən neçə düşünürsən?
- Bəli. Bu çempionluq daha çox güc sərf etməyimizə səbəb oldu. 8 il ard-arda çempion olmuş komandanı hər kəs dayandırmaq istəyirdi. Rəqiblərin bizə qarşı göstərdiyi aqressiya, titulu əlimizdən almaq istəyi normaldır. Bu, futbolun inkişafı üçün önəmlidir. Ümid edirəm ki, gələn il yenə çempion olacağıq. Əvvəllər bəzi komandaları daha rahat udurduqsa, indi bu, baş verə bilmir. Çünki, hər kəs oynayır, çempiondan xal almaq istəyir. Hamı bizə qarşı daha motivasiyalı olur.
- Bəzi futbolçuların müqaviləsi bitir. Dəyişikliklər komandaya necə təsir edəcək?
- Bununla bağlı əsas fikri baş məşqçimiz Qurban Qurbanov bildirə bilər. Biz idmançı kimi yanaşırıq. Qurban müəllim isə həm məşqçi, həm rəhbər kimi yanaşır. Müqaviləsi bitən futbolçulaa bağlı qərar baş məşqçiyə məxsusdur. İllərdir bu uşaqlarla çiyin-çiyinə döyüşürəm. Son 10 ildə klubda olanları ailəmdən, dostlarımdan çox görürəm. Çətin və yaxşı günlərimiz bir yerdə olub. Ayrılmaq bizim üçün heç də asan deyil. Amma futbolçu karyerası belədir. İstəməsən belə, ayrılıqlar baş verə bilər.
- Julio Romao gələndən sonra az şans qazanırsan. Nə düşünürsən?
- Heç nə düşünmürəm. Beynimdə neqativ heç nə yoxdur. Julio komanda yoldaşımdır. Kimsə mənə həmişə əsas heyətdə oynamaq zəmanəti verməyib. "Qarabağ"da 500-dən çox oyun keçirmişəm, komandanın ən önəmli uğurlarında yer almışam. Mübarizəni uduzdum deyə bir söz işlətmək istəmirəm. Düşünürəm ki, komanda yoldaşım oynayırsa, buna layiqdir. Mən də onu həmişə dəstəkləyirəm. Amma öz yerim üçün də mübarizə aparıram, mən də oynamaq istəyirəm.
saytlarin hazirlanmasi