Maksim Medvedev: "Millinin oyununa baxanda beş dəqiqəlik televizoru söndürürəm" - MÜSAHİBƏ

12:30 - 30 May 2023

"Qarabağ"ın kapitanı Maksim Medvedev Sportal.az saytına müsahibə verib. 

"Yalnız bir komandada oynasam, hələ bir neçə il çıxış etməyə gücüm çatar"

- "Qarabağ" bu mövsüm də ölkə çempionluğunu qazandı. Sizin üçün mövsüm necə keçdi?

- Bu haqda ancaq xoş sözlər demək olar. 10-cu dəfə çempion olduq, 9 çempionluqda mənim payım var. Artıq meydana iki ulduzla çıxacağıq. Bu, insanı ancaq xoşbəxt edə bilər. Açığı, hər bir komanda bunu edə bilməz. Azərbaycanda iki ulduzu olan ilk komandayıq.

- Mövsümün əvvəlində karyeranla bağlı demişdin ki, gücüm çatana qədər davam edəcəm. İndi hansı fikirdəsən?

- Milli komandaya artıq getmirəm. Dincəlmək üçün bir az vaxtım oldu. 14-15 il eyni qrafikdə oynayırdım. Bir həftə dincəlmək məndə alınmırdı. Ailəm də var. Ona görə də, psixoloji tərəfdən stressə düşürdüm ki, artıq dincəlmirəm, oyunlar, uçuşlar, məşqlər olur. Bu, məni bir az sıxırdı. Millidən bir az uzaqlaşdım. Bu günləri vaxtım daha çoxdur. Hiss edirəm ki, yalnız bir komandada oynasam, hələ bir neçə il çıxış etməyə gücüm çatar. Ona görə də, karyeramı bitirməyi düşünmürəm. Çünki məşqlərdə, oyunlarda gücümü buna imkan verir. Təcrübəm də var.

- Yəqin ki, hazırda özünü cinah müdafiəçisindən çox, mərkəz müdafiəçisi kimi görürsən?

- Onu heç vaxt demək olmur. Sağ cinahda oynayırdım, qəfildən mərkəz müdafiəsi ilə bağlı problem yarandı və iki il bu mövqedə çıxış etdim. İndi dörd stoperimiz var, bu dəfə sağ cinahda problemimiz yaranıb, Abbas Hüseynov zədələnib. Marko Veşoviçlə eyni cinahda oynayırıq. Bəlkə, sabah sol cinahda oynamaq lazım gələcək. Amma stoper oynamaq daha rahatdır. Çünki sağ cinahda enerjili futbolçu olmalısan. Bizim komandanın oyun üslubu elədir ki, sağ və sol cinah müdafiəçiləri hücuma qoşulmalıdır. "Neftçi" və "Sabah"a baxsanız, onların sağ cinah müdafiəçiləri yerində qalırlar. Nə Höccət Haqverdi, nə də Amin Seydiyev irəliyə gedir. Sırf öz mövqelərində qalırlar. Bizdə isə fərqlidir, sağ cinahda oynamaq daha çətindir. Daim irəli gedib, geri dönməlisən.

"Hiss etsəm ki, karyeramı bitirirəm, məşqçilik kurslarına yazılacam"

- "Qarabağ"ın səndən əvvəlki kapitanı Rəşad Sadıqov futbolçu karyerasını bitirməmişdən məşqçiliyə başlamışdın. Sən də belə edəcəksən?

- Hiss etsəm ki, karyeramı bitirirəm, məşqçilik kurslarına yazılacam. Təbii ki, məşqçiliyə həvəsim olsa. Amma bu barədə çox düşünmürəm. Məşqçi olmaq başqa mərhələdir. Futbola məşqçi kimi gəlirsənsə, əvvəllər futbolçu olduğunu yaddan çıxarmalısan. Sıfırdan məşqçi karyerasını qurmaq və buna hazır olmaq lazımdır. Bu mənada, çox fikirləşdikdən sonra qərar verəcəm. İndi dəqiq heç nə deyə bilmərəm.

- İki övladın da "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarında oynayırlar. Onların perspektivi barədə nə deyəcəksən?

- Potensial olmasaydı, çoxdan futboldan uzaqlaşdırmışdım. Futbolçu olmaq istəsələr, niyə də yox? Zamanla gördüm ki, uşaqlar peşəkarlaşıblar, mənim onlara nəsə deməyimə ehtiyac yoxdur. Özləri paltarlarını, butslarını yığıb məşqə gedirlər. Oyunlarının təkrarına videoyazı şəklində baxırlar. Hiss olunur ki, özləri də istəyir. Biri var ata desin ki, get futbola bax. Amma məndə elə şey yoxdur, uşaqlara azadlıq vermişəm. Gedirəm oyunlarına baxıram, məşqlərini izləyirəm. Lakin çalışıram ki, heç vaxt işlərinə qarışmayam. Məşqçiləri var. Təbii ki, hər hansı sualla mənə yaxınlaşsalar, kömək edəcəm. Amma sırf onları özüm kimi futbolçu etmək məqsədim yoxdur.

"Millinin oyununa baxanda beş dəqiqəlik televizoru söndürürəm"

- 15-16 il milli komandada oynamısan. İndiki seçmə mərhələyə uğursuz başlayan milli kənardan necə görünür?

- Bu Millətlər Liqası deyil, seçmə mərhələdir, komandalar tam fərqlidir. Belçika hara, San-Marino hara? Burada böyük fərq var. Farer adalarına qarşı oynadığımız kimi, Belçikaya qarşı oynaya bilmərik. Bunu dərk etsək, işimiz bir az asanlaşacaq. Amma deyirlər ki, biz bu komandanı, o komandanı udacağıq, filan. Deyirlər də, amma ortalıqda heç nə yoxdur. Çalışmalıyıq ki, ilk növbədə öz oyunumuzu düzəldək. “Qarabağ” da oyunları uduzur, amma insanlar alqışlayırlar. Çünki görürlər ki, futbol oynayırıq. “Qalatasaray”a 1:2 uduzduq, lakin hər kəs dedi ki, “Qarabağ” çox yaxşı oynadı. Doğrudan da, komanda oynayır. Biri də var ki, meydana çıxırsan, amma futbol göstərmirsən. Millinin oyununa baxanda beş dəqiqəlik televizoru söndürürəm. Çünki oyun yoxdur. Sanki hər şey normal başlayır, sonradan sınır. Bizim öz sistemimiz, oyun üslubumuz olmalıdır. Tək müdafiədə durub, qabağa çıxıb, qol vuraraq nəsə olmur, gec-tez söhbət bağlanır. Formalaşmış taktika, sistem olmalıdır ki, bütün yaş qrupları da onunla irəliləsin və böyüdükdə artıq nə oynamaq lazım gəldiyi bilinsin. Amma bizdə bir oyun beş müdafiəçi, o biri oyun dörd müdafiəçi oynayır, üç nəfər dəvət edilmir, yeni üç nəfər çağırılır. Bir az belə xaos yaşananda, nəticə də olmur, oyun da. İnanın, çox adam artıq millinin nəticələrinə öyrəşiblər və hər oyundan qabaq düşünürlər ki, uduzacaqlar. Amma elə adam var ki, deyir, heç olmasa milli futbol nümayiş etdirsin, uduzur-uduzsun. “Qarabağ”da da birinci dəfə belə idi. Çalışdıq ki, ilk növbədə oyunumuzu quraq. İşlədik-işlədik və sonradan nəticələr gəldi. Nəticə gələndə sistemə yeniliklər cəlb etmək mümkündür. Lakin millidə oyun üslubu, sistem yoxdur. 5-10 dəqiqə normal oynayırıq, 20 dəqiqə yoxuq. Biz 90 dəqiqə ərzində sistemimizi göstərməliyik.

- Xeyli vaxt keçib, amma niyə Canni De Byazi sistemi tətbiq edə bilmir?

- Çox çətindir. De Byazi futbola bir az başqa tərəfdən baxır, mən sırf oyunçu kimi baxıram. Ya beş müdafiəçi oynayırıq, ya da dörd.

- Səncə, milli bugünkü gündə İsveçə 0:5 uduzmağı haqq edir?

- Onu deyə bilmərəm. Mən özüm pis oluram. Çölə çıxanda, hamı mənə deyir ki, milli niyə belə oynayır? Millidə oynayanda da bu sualı mənə verirlər , oynamayanda da. Ki, komanda niyə bu durumdadır? Amma bu komandaya cavabdeh olan Canni De Byazidir. Amma ondan üst səviyyədə də cavabdeh olan qurumlar var. Hansı ki, De Byazi onlara "açot" verir. Onlar hamısı biryerdə oturub düşünməlidir ki, vəziyyət niyə belədir?

"De Byazi ilə razıyam, "Qarabağ"ı irəliyə aparan təkcə azərbaycanlılar deyil"

- Canni De Byazi demişdi ki, “Qarabağ”dan legionerləri çıxarsaq, onlar eyni futbolu oynaya bilərlər?”. Bu fikir barədə nə deyərdin?

- Azərbaycanın ən yaxşı futbolçuları "Qarabağ"dadır. Doğrudur, digər komandalarda da yaxşı oyunçular var. Amma çox yaxşı futbolçu bizdədir. Canni De Byazi ilə bir tərəfdən razıyam, "Qarabağ"ı irəliyə aparan təkcə azərbaycanlılar deyil. Yaxşı ki, Abdullah Zubir kimi legionerə sahibik. Kollektiv şəklində düzgün iş gördüyümüzə görə, nəticə gəlir. Bu o demək deyil ki, bizdə yaxşı legionerlər var və bunlar hamısı onlara görədir.

- "Qarabağ" Hamidu Keytanı transfer etdi. Ötən mövsüm ölkə kubokunun “Zirə”yə qarşı final görüşündə ona qarşı maraqlı mübarizəniz olmuşdu. Keyta “Qarabağ”a hansı faydanı verə bilər?
- Düzdü, Keytanı ancaq ona qarşı oynayanda tanıyırdım. Arada-bir transferdən qabaq Keyta haqda maraqlanırdım. Necə insan olduğu maraqlı idi. Çünki o vaxtdan hiss edirdim ki, Keyta bizim aramızda ola bilər. Gördüm ki, pis uşaq deyil. “Qalatasaray”la matçda da bizə kömək etdi. Baxdım ki, işgüzar futbolçudur. Oyununa da baxırsan, hər şeyi var. Bircə qalır, istedadını açmaq. Bunu “Qarabağ”da edə bilsə, daha görkəmli performans göstərəcək, nəinki “Zirə”də. 

- Abdullah Zubirlə eyni mövqedə oynayır. Səncə, üstünlük kimdədir?

- Təbii ki, bugünkü gündə üstünlük Zubirdədir. Məncə, Hamidu potensialını tam ortaya qoymayıb. Onun oyunlarını izləmişəm, sağ və sol cinahda, həm də 10 nömrə mövqeyində çıxış edə bilir. Ona görə də, hər mövqedə bizə kömək edə bilər. Hansısa komandaya legioner gəlirsə, fikirləşmək lazım deyil ki, kiminsə yerinə dəvət edilib, kimsə ehtiyata gedəcək. Əksinə, ən qısa zamanda ailənin bir üzvü olduğunu göstərməliyik. Çox mehriban olmalıyıq. Hamidu Keyta ilə danışmışam, adaptasiya ilə bağlı heç bir problem olmayacaq.

- Çempionlar Liqasının qrup mərhələsinə bir dəfə düşmüsüz. Amma yenə hər kəs sizdən bu nəticəni gözləyir. Bu hədəfə çatmaq mümkün olacaq?

- Hamı deyə bilər ki, hədəfimiz budur. Amma yenə real olmalıyıq və hansı rəqiblərlə qarşılaşacağımızı bilməliyik. Necə oyun olacaq, hansı hava şəraitində keçəcək matçlar. Nəsə demək bir az çətindir. Rəqibimizin kim olacağını bilməliyik. Məşqçilər korpusu həmin komandanı analiz etməlidir, məlumat toplamalıdır. Sonradan futbolçulara bu barədə məlumat veriləcək. Bir oyuna hazırlaşmaq üçün əslində 10 gün də bəs etmir. O qədər videolara baxırıq. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşməkdir. Amma tək məqsədlə deyil axı. İstək və işgüzarlıq olmalıdır. Futbolçular dərk etməlidilər ki, biz hansı yolu seçirik. 

Mirbağırağa

Xəbər xətti