AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:
- İclasın gündəmində müxtəlif məsələlər var idi. Əsas müzakirə mövzularından biri I və II Divizionla bağlı idi. Premyer Liqada komanda sayında dəyişiklik olmayacaq. Nizamnaməyə uyğun olaraq elitada 10 komanda qalacaq. Öncədən də qeyd etdiyimiz kimi sonuncu yeri tutan kollektiv çempionatı tərk edir. Bu, "Şamaxı" klubudur. I Divizionda çempion olmuş "Araz Naxçıvan" Premyer Liqaya vəsiqə qazanıb. Bu gün Premyer Liqanın məsələsi gündəmdə deyildi. Nizamnaməyə uyğun olaraq bir komanda çempionatı tərk etməli, biri isə gəlməlidir.
- Elmar Məmmədyarov bildirdi ki, Premyer Liqada 12 komanda olacaq...
- Mənə o məsələni dedilər. Ya Elmar müəllim yanlış başa düşüb, ya da jurnalistlər.
- I və II Divizionla bağlı hansı qərar qəbul olundu?
- Bilirsiz ki, əvəzedici komandaların I Diviziondan ayrılması ilə bağlı qərar qəbul olunmuşdu. Bu, o deməkdir ki, liqada 6 komanda qalırdı. I Divizionda iştirak etmək üçün 4 yeni komanda təsdiq olundu. II Divizionda yaradıldı və buraya 12 komandanın buraxılması ilə bağlı qərar qəbul olundu. Bu liqa yarıpeşəkar statusda olacaq. Lakin Premyer Liqa, I Divizion və II Divizion bir-birinə bağlı liqalardır. Hər birində idman prinsipləri qorunacaq. Növbəti mövsümdə liqaların hər birini bir komanda tərk edəcək, bir komanda isə gələcək. Hazırda II Diviziondan I Diviziona yüksəlmək sxeminin üzərində işləyirik. Çempionatdan əvvəl bütün komandalara bu format haqda məlumat veriləcək. Ola bilər ki, bir komanda tərk etsin, sondan əvvəlki yerləri tutanlar bir-biri ilə pley-off oynasın. Bu formatlar üzərində hazırda PFL rəhbərliyi ilə birlikdə işləyirik. Öncədən II Divizionun 10 komandadan ibarət olması müzakirə olunurdu. Sonrakı günlərdə belə qərar oldu ki, 12 komanda mübarizə aparsın. Düşünürük ki, bu, müsbət effekt verəcək. Ən azından ona görə ki, yerli futbolçuların sayı artacaq.
- İştirakçı komandalar nə vaxt bəlli olacaq?
- Hər iki liqada iştirak edəcək komandalar bir neçə saatdan sonra AFFA-nın rəsmi saytında açıqlanacaq. Artıq qərar qəbul olunub, kimlərin iştirak edəcəyi bəllidir.
- Legioner rüsumu və əvəzetmə sayı neçə olacaq?
- II Divizionda ümumiyyətlə legioner olmayacaq. I Divizionla bağlı hələ tam qərar qəbul olunmayıb. Çox az sayda legionerə icazə veriləcək.
- Futzal millisinin yeni baş məşqçisi ilə bağlı qərar qəbul olundu?
- Bəli. Vitali Borisovun namizədliyi irəli sürlümüşdü. Onun üzərində də dayandıq. Vitali Borisovun kim olduğunu futzal ictimaiyyətinə başa salmağa ehtiyac yoxdur. Yerli mütəxəssisdir, uzun illər futzalda ad qoymuş şəxsdir.
- Premyer Liqada legioner limiti və əvəzetmə sayı ilə bağlı hansı qərar qəbul olundu?
- Əsas məsələ əvəzetmə sayının dəyişməsi deyildi. Müzakirə mövzusu legionerlərlə bağlı idi. Belə qərar qəbul olundu ki, əvəzetmə zamanı legioner limiti aradan götürülsün. Bu məsələdə artıq sərbəstlik olacaq. Məşqçilər istədiyi anda 5 legioner meydana daxil edə bilərlər.
- II Divizion klublarına dövbət tərəfindən maliyyə yardımı olacaq? Bu liqanı da tərk edən olacaq?
- Bəli, II Divizionu tərk edən və çempionata gələn komanda olacaq. Bu, Region Liqasından olacaq. Bunun da formulu işlənilir. II Divizion hazırkı Region Liqasının komandalarından ibarətdir. Burada da idman prinsipləri qorunacaq. Sonuncu yeri tutan komanda birmənalı şəkildə çempionatı tərk edəcək. Ola bilər ki, sonuncu yerdə olmayan 2-3 komanda arasında pley-off oynanılsın. Maliyyələşməyə gəlincə, ilkin məlumata əsasən, dövlət tərəfindən hər komandaya 50 min manat dəstək nəzərdə tutulub. Liqanın sponsoru da ola bilər. PFL həmin istiqamətdə işlər aparacaq. Rəqəmlər dəyişsə, məlumat veriləcək.
- I Divizion komandaları ayrılan 300 min manatın az olduğundan şikayətlənir. Bu məbləğdə dəyişiklik ola bilər?
- Xeyr. Hazırda 300 min manatdan əlavə məbləğin ayrılması nəzərdə tutulmur. I Divizion üçün 300 min manat elə də pis məbləğ deyil. Komandaların hamısı yalnız 300 min manatı gözləməməlidirlər. Özləri də sponsorlar tapmaq üçün çalışmalıdırlar. Komandalar sırf dövlətin ayırdığı vəsaitə köklənməli deyillər.
- Dövlət Premyer Liqa klublarında 3 milyon manat ayırırdı. Mövsüm bitdikdən sonra vəsaitin necə xərclənməsi ilə bağlı monitorinq aparıldı?
- Bəli, monitorinq aparılıb, ciddi yoxlamalar olub. AFFA-nın Yoxlama Təftiş Komissiyası var. Komissiyanın tərkibində 2 nəfər AFFA-nın digərləri isə dövlət nümayəndələridir. Müəyyən kriteriyalar var ki, klublar tərəfindən yerinə yetirilməyib. Elə klublar var ki, məbləği müəyyənləşdirilən istiqamətlər üzrə xərcləməyiblər. Həmin vəsait də klublara ödənilməyib. İlboyu məbləğ klublara ödənilib. Amma elə aylar olub ki, müəyyən tutulmalar, gecikmələr baş verib. Bu da müəyyən sənədlərin yerində olmaması ilə bağlı olub. Sənədlər vaxtında gəlməyəndə ödənişlər də gec olub.
- Klublardn tutulan pulları hansı istiqamətdə xərcləməyi düşünürsüz?
- Hazırda müəyyən istiqamətlər düşünülür. Ola bilər ki, ümumi fond yaradılsın və tutulan məbləğlər futbolun inkişafı üçün digər layihələrə xərclənsin.
- Televiziya yayımı məsələsi ilə bağlı müzakirə aparıldı?
- Bəli. Lakin bu məsələ ilə bağlı qərar qəbul olunmadı. Bununla bağlı əlavə işlərin aparılması tapşırıldı. Növbəti iclaslarda bu məsələyə yenidən qayıda bilərik.
- Kanal dəyişiliyi mümkündür?
- Xeyr. Hazırda yayımçı "CBS Sport"dur. Hansısa dəyişiklik olsa, məlumat veriləcək.
- "Araz Naxçıvan" infrastruktur baxımından Premyer Liqaya hazırdır?
- Hazırda klub rəhbərliyi ilə danışıqlar aparılır. Müəyyən ciddi tələblərimiz var. Əsas tələblər ot örtüyü və işıqlandırma ilə bağlıdır.
- Bu, mövsümün startina kimi hazır ola biləcək?
- Tələb belədir ki, çempionat başlayana kimi hazır olsunlar.
Elçin Əlixan
saytlarin hazirlanmasi