"Qarabağ"ın müdafiəçisi: "Linkoln" bərk komandadır, çox qol vururlar"

15:30 - 1 İyul 2023

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" 10 gündən sonra Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqibi Cəbəllütariqin "Linkoln" klubudur. Uzun illərdir ki, "Qarabağ"ın formasını geyinən Bədavi Hüseynov saytımıza açıqlamasında “Linkoln” haqda danışıb və rəqibin gücündən bəhs edib:

"Linkoln" ölkəsinin çempionudur. Rəqib barədə məlumatımız çox deyil. Amma bilirik ki, bərk kollektivdir. Onlar çox qol vururlar. Üstəlik, ev oyunlarını sintetik meydançada keçirirlər. Bütün bunları nəzərə almaq lazımdır. Biz ciddi şəkildə oyunlara hazırlaşırıq. Özünüz də bilirsiz ki, təlim-məşq toplanışından sonra ilk matçlar həmişə çətin alınır. Çalışacağıq ki, hər şey yaxşı alınsın".

Cəbəllütariqdəki "Viktoriya" stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Mirbağırağa

Xəbər xətti