"Linkoln"un qapıçısı: "Qarabağ"la matçı səbirsizliklə gözləyirik"

21:59 - 7 İyul 2023

"Linkoln"un qapıçısı Nauset Qarsiya Çempionlar Liqası I təsnifat mərhələsində rəqibləri olan "Qarabağ"ı dəyərləndirib.

Sportal.az xəbər verir ki, 29 yaşlı ispaniyalı qolkiper Azərbaycan klubunu çətin rəqib adlandırıb:

"Bura gəldiyim gündən özümü evdəki kimi hiss etdim. Həm klub, həm məşqçilər korpusu, həm də komanda yoldaşlarım mənə müstəsna münasibət göstərdilər. Keçən mövsüm qarşıya qoyduğumuz məqsədlərə nail olduq. Ümid edirəm ki, yeni mövsümdə biz hətta onları təkmilləşdirə bilərik.

Çətin püşk oldu. "Qarabağ" son illərdə avrokuboklarda çox yaxşı mübarizə aparır. Amma futbolda hər şey mümkündür. İlk dəqiqədən onlardan qorxmadığımızı hiss etdirməyə çalışacağıq. Oyuna hazırıq və matçı səbirsizliklə gözləyirik".

Qeyd edək ki, komandalar arasında ilk oyun 11 iyul tarixində Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.

Xəbər xətti