"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Cəbəllütariqin "Linkoln" komandasını qəbul edəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyunumuzu oynadıq. Səfərdə 2:1 hesabı ilə qalib gəldik. Heç də asan olmadı bizə. Hələ komandamız tam optimal formasından uzaqdır. Deməzdim ki, komanda tam istədiyim dinamikanı meydanda göstərir. Amma hazırlığımız yaxşı gedir. Ciddi yanaşırıq matça. Sabah bizi meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Bəzi elementlər var, onlara diqqət ayıracağıq. Futbolçularıma inanıram, güvənirəm. Yaxşı nəticə göstərmək istəyirik.
- Juninyo ilk matçda oynamamışdı. Hazırkı durumu nə yerdədir? Patrik Andrade komandaya necə qoşulub?
- Hər iki oyunçunun idman forması bir o qədər yaxşı deyil, orta səviyyədədir. Bizə gec qoşulublar. Onların hazırklığı bizi tam qaneedici səviyyədə deyil. Amma məşqlərdə çox ciddi çalışırlar. Juninyonun meydanda olub-olmamasına sabah qərar verəcəyik. İdman formalarından razı deyiləm. Vaxt lazımdır.
- Azarkeşlər "Qarabağ"ı daha çox Tofiq Bəhramov adına Respublika Stadionunda görməyə alışıb. Onlara nə demək istəyərdiz?
- Biz Bakıdayıq, Bakı bizimdir. Hər bir yeri bizim üçün doğmadır. Azarkeşlərin rahatlığını da düşünmək istəyərdik. Oyunların çoxunu Tofiq Bəhramovda keçiririk. Hansı ki, bizə daha doğmadır. Futbolçular üçün bəlkə daha asandır. Azarkeşlərə də ora gəlmək daha asan olar. Amma BOS-da da maraqlı oyunlarımız olub. Meydançanın durumu da futbolçuları qane edir. İnanmıram ki, azarkeşlər hansısa çətinliyə görə bizdən uzaq qalsınlar. "Qarabağ" azarkeşləri daha çox çətin anlarda komandanın yanında olublar. Buna çətin an deməzdim. Sadəcə ola bilər stadiona gəlməyə vaxt çox gedə bilər. Sabah azarkeşlərimizi burada gözləyirik. Onlar üçün maraqlı, baxımlı oyun oynamağa çalışacağıq.
- Bir neçə futbolçu getdi, yeniləri gəldi. Yaxın günlərdə heyətdə dəyişikliklər gözlənilir? Hansı mövqe üçün yeni oyunçular düşünürsüz?
- Deməzdim ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Hansı mövqeyə hansısa oyunçunu yerləşdirsək, çalışırlar ki, tapşırığı düzgün yerinə yetirsinlər. Çox yaxşı kollektiv formalaşıb. Bir-iki əlavə oyunçu götürə bilərik. Olmasa da, indikilər bizi qane edir. Onlarla yaxşı kollektiv formalaşdırmağa çalışacağıq.
- Ötən mövsümkü bombardirlər komandadan ayrıldı...
- Çalışırıq ki, komandada yeni bombardirlər olsun. Hər birinə uğurlar arzulayıram.
- Bu stadionda avrokuboklarda "Qarabağ"ın qələbəsi yoxdur. Sindromu qıra biləcəksiz?
- Belə şeylərə baxan deyilik. Bu cür düşüncələrə diqqət ayırmaq istəmirik. Allah qoysa, bu stadionda da uğurlu nəticələrimiz də olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi