"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşada "Rakuv"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib:
- Bizi çox ciddi, istəkli komandaya qarşı oyun gözləyir. "Rakuv" oyun intizamı ilə digər komandalardan çox fərqlənir. Qışda Türkiyə toplanışı çərçivəsində bu rəqibə qarşı oynamışıq. Komandada xeyli dəyişiklik var. Daha intizamlı, daha keyfiyyətli olublar. Rəqibi daha yaxından tanımaq üçün sabah vaxtımız olacaq. Meydanda onların gücünə bələd olacağıq. Biz də çox ciddi hazırlaşmışıq. İstərdik ki, yaxşı oyun göstərək, yaxşı mübarizə aparaq. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla azarkeşlərimizi sevindirə biləcəyik.
- "Qarabağ" həmişə Polşa klubları ilə oyunlarda yaxşı nəticələr göstərib. Bu dəfə isə sanki, azarkeşlərdə, mediada narahatlıq var. Siz necə düşünürsünüz?
- Bəli, həm Polşa mediasında, həm bizim mediada belə fikirlər var. Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı xeyli açıqlamalar olub. Bununla belə, mən bu barədə qətiyyən düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşmışıqsa, bu rəqibə də o cür ciddi yanaşırıq. Bu gün Polşa yox, başqa ölkənin komandası da olsaydı, yenə eyni cür hazır olacaqdıq. Bu gün rəqibə görə oyuna hazırlaşmışıq. Əvvəlki matçları dərindən düşünsək, bu, bizə mane ola bilər. Azarkeşlərimizin də narahatlığına ehtiyac yoxdur. Yəqin rəqib daha ciddi olduğu üçün belə narahatlıq var. Bu da tam doğrudur. Meydanda rəqibə qarşı son dəqiqələrə kimi diqqətli olmalıyıq. Həm topla, həm topsuz.
- Kevin Medinanın durumu nə yerdədir? Komandada qalacaq?
- Qısa olaraq deyim ki, bu gün bizim oyunçumuzdur, sabahkı oyuna hazırlaşır. Bizimlə bütün məşqlərdə iştirak edib.
- "Rakuv"un Polşa çempionatında növbəti oyunu təxirə salınıb. Bu, nə dərəcədə rəqibin xeyrinə ola bilər?
- Bu, əlbəttə ki, rəqibin bizə qarşı ciddi hazırlığını göstərir. "Rakuv" son vaxtlar demək olar ki, 3-4 gündən bir oyun oynayıb. Həm Super Kubok, həm Çempionlar Liqası, həm ölkə çempionatı. Bildiyim qədərilə federasiyaya müraciət ediblər. Bu, onların məsuliyyətindən və bizə ciddi yanaşmalarından irəli gəlir.
- Juninyonun hazırlığı nə yerdədir? Sabah oynaya bilər?
- Oynamaq ehtimalı azdır. Düzdür, komanda ilə məşqlərə başlayıb. Hələ hazırlığı o səviyyədə deyil. Belə güc, sürət tələb edən matçlarda onun oynaması risk ola bilər. Yenə də sabah həkimlərlə məsləhət edib qəti qərar verəcəyik.
- Yanvarda Türkiyədə "Rakuv"la yoxlama oyunu keçirmişdiniz. Sizin fikrinizcə, hansı komanda digəri haqda daha çox məlumat əldə edib?
- Bunlar fərqli oyunlardır. Bu, Çempionlar Liqasıdır, Türkiyədəki isə hazırlıq oyunu idi. Həmin vaxt heç bir komandanın hazırlığı eyni səviyyədə ola bilməz. Sadəcə həmin matçda bu komandanın gücünü gördük. Bu gün ondan daha yaxşı komanda var. Son matçlarına baxmışıq. Meydanda bir-birini tamamlayan futbolçular var. Bacardığımız qədər məlumat topladıq, oyunçularımıza rəqibi tanıtdıq. Bu komandaya qarşı oynamaq bizim üçün maraqlı olacaq. Ola bilər ki, bizə sürprizlər yaratsınlar. Buna hazır olmalıyıq.
- Musa Qurbanlı "Yurqorden"də debüt etdi. Həmin oyunu izlədiniz? İlk təəssüratlarınız necədir?
- Düzünü desəm, oyunu tam izləmədim. Həmin saatlarda məşqimiz var idi. Sonradan bir az məlumat topladım, bir az matça baxdım. Məncə, hələ ətraflı danışmaq tezdir. İsveçə gedənə kimi çox götür-qoy etmişdik. Ümumi təəssüratlar pis deyil. Çünki, təkcə Musanın oyunu ilə yox, oradakı gedişatla, klubun iş prinsipləri maraqlanıram. Məncə, faydalı olmalıdır. Amma yenə də zaman lazımdır. Bir-iki aydan sonra daha dəqiq və ətraflı məlumat vermək olar.
Elçin Əlixan
saytlarin hazirlanmasi