"Rakuv"la səfər matçından qayıdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adlna Beynəlxalq Hava Limanında Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb.
Təcrübəli mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:
- Oyundan çox razı qaldım. Nizam-intizamlı bir komandaya qarşı oynayırdıq. 90 dəqiqə ərzində rəqibə çətinliklər yaratmağa çalışdıq. Məncə, pis alınmadı. Bu oyun futbolçuların qarşıdakı matçlarda daha inamlı olmasına kömək edəcək. Hər bir futbolçumdan razı qaldım.
- Səfərdə hesabı 0:2-dən 2:2-yə gətirmək cavab oyunu üçün komandaya əlavə motivasiya verir? Bu rəqiblə oynamaq mümkündür?
- Əlbəttə, mümkündür. 0:2-dən sonra geridönüş etmək uğurlu nəticə idi. Sonda bir qol buraxdıq. Amma buna kimi xeyli epizodlarımız oldu. İlk günlərdən rəqibi ciddiyə almışdıq. Bakıda rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Komanda olaraq etdiyimiz bəzi diqqətsizliyi aradan qaldırmalıyıq.
- Buraxılan qolları təhlil edərkən hansı qənaətə gəlmək olar?
- Qənaətə gələcək bir şey yoxdur. İlk qolun qarşısını almalı idik. Bilirdik rəqib belə hücumlar edir. Bir az kuryoz qol da alındı. Futbolda olur. Biri səhv etməli, biri bundan istifadə etməlidir. Daha diqqətli olmalıyıq.
- Şahruddin Məhəmmədəliyev psixoloji olaraq özünü necə hiss edir? Ona güvəniniz var?
- Mənim güvənim var. Niyə yoxdur ki? Top yumrudur, bəzən gözləmədiyin reaksiyalar olur. Hər bir halda daha diqqətli olmalıdır. Ona güvənim sonsuzdur. Bacarıqlı qapıçıdır. Hücumların qurulmasında böyük rol oynayır. Normaldır hər şey. Bu tip şeylərə çox diqqət ayırmalı deyilik, əksinə daha yaxşı olmalıyıq.
- Marko Veşoviç və Elvin Cəfərquliyevin durumu nə yerdədir?
- Elvində problem olmayacaq. Ayağında sudurqa olmuşdu. Sabah daha dəqiq bilinəcək. Veşoviçin yoxluğu bir az problem yaradacaq. Sabah MRT müayinəsindən sonra daha dəqiq məlumat veriləcək. Ola bilər zədəsi bir az uzun çəksin.
- Cavab matçının Bakı Olimpiya Stadionunda keçirilməsi "Qarabağ"a məni təsir edə bilər?
- Tofiq Bəhramov adına Respublika Stadionu bizim üçün doğma yerdir. Orada özümüzü daha komfortlu hiss edirik. Neqativ fikirlərdən uzaq olmaq istəyirəm. 2:3 hesabı ilə məğlub olmuşuq, sanki böyük bir həyəcan var. Pis oynadıq, çox qol buraxdıq... Futbolun özəlliyi budur. Biz bu şeylər haqda çox düşünsək, futbolçulara mane ola bilər. Pozitivik. Uduzanda nolar ki? Biz ora uduzmaq üçün getməmişdik. Bəzən hər şey asan görünə bilər. Amma heç də düşünüldüyü kimi deyil. Bu futbolçular 90 dəqiqə Polşa çempionuna pressinq edirsə, mən bundan razıyam. Bakıda daha yaxşı, dinamik oyun göstərməyə çalışacağıq. Stadion və başqa amillər haqda neqativ heç nə düşünmürük.
- Rəqibi həddən çox ciddiyə almaq fəsad verə bilər? Komandanız dünən sanki sərbəst deyildi...
- Biz gərgin deyildik. Sadəcə ciddi idik. Futbolçular yaxşı köklənmişdilər. Çünki, rəqib fərqli sistemdə oynayır. Toplu və topsuz oyunun içində olmalıydıq. Futbolçularım bunu bacardılar. Biz robot deyilik ki, 90 dəqiqə rəqibdə top olmasın, hücum edə bilməsinlər.
- Rəqibi tanıdız. Cavab matçında nəyə xüsusi diqqət etmək lazımdır?
- Düşündüklərimizi daha yaxşı və sürətli etməyə çalışacağıq. Əlavə bir fikir yoxdur.
- Azarkeşlərə müraciətiniz var?
- Məncə, ehtiyac yoxdur. Azarkeşlərimiz həmişə yanımızda olublar. Lazım olan sayda gələcəklər.
- Redon Cicanın performansını necə dəyərləndirirsiz?
- Ancaq sevinirik. İnşallah daha yaxşı olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi