Kevin Medina: "Digər klublar kimi "Qarabağ"a da dəstək olmaq lazımdır"

12:11 - 11 Avqust 2023

"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın HİK klubunu 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox ciddi oyun oldu. Rəqib haqda ətraflı məlumata sahib deyildik. Bu matç göstərdi ki, HİK ciddi rəqibdir. Layiqli oyun göstərə bildik.

- Elvin Cəfərquliyevlə aranda mübahisə yaşandı. Həmin zaman nə baş vermişdi?

- Futbol dialoqlar üzərində qurulub. Oyun zamanı çox epizodlar olur ki, komanda yoldaşlarınla ünsiyyət qurmalı olursan. Bu da bir oyun epizodu idi. Stadionda azarkeşlərin səsinə görə bir-birimizi eşitmirik. Buna görə səs tonumuzu qaldırmaq məcburiyyətində qalırıq. Kənardan mübahisə kimi görünə bilər. Amma əslində bu, normal dialoqdur.

- "Rakuv"la matçdan sonra komandanın üzərində təzyiqlər var idi. Bu, HİK-yə oyunun hazırlığına necə təsir etdi?

- Sosial şəbəkələrdə, mediada yox, təzyiqi oyun zamanı hiss edirik. Mətbuatın "Qarabağ"ın üzərinə çox getməsi bir az anlaşılmazdır. İllərdir ölkə azarkeşlərinə sevinc yaşadan klubu bu qədər tənqid etməyi doğru hesab etmirəm. Digər klublar kimi "Qarabağ"a da dəstək olmaq lazımdır.

- "Rakuv"la matçlar çətin oldu, yoxsa HİK-lə oyun?

- Hər oyun yeni tarixdir. "Rakuv"la matçlar artıq geridə qalıb.

- Növbəti mərhələ şansını necə dəyərləndirirsən?

- Şans həmişə var. Üzərimizə düşən işləməkdir. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə çataq.

- Rəqib yeddi qol epizodu yaratdı. Bunu necə şərh edərdin?

- Futbol səhvlərdən ibarət olan oyundur. Ümumi götürəndə "Qarabağ" az qol buraxan komandalardandır. HİK qol vəziyyətlərindən istifadə edən komandadır. Bəzən rəqib təzyiq yaradanda ehtiyatsızlıqlar oldu. Bunu yoluna qoymaq üçün işləmək lazımdır.

Elçin Əlixan

Xəbər xətti