"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin HİK-lə cavab oyunu üçün Finlandiyaya yola düşüb.
Sportal.az xəbər verir ki, Helsinki səfərindən öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Helsinki səfərində "Qarabağ" a ümidlər çoxdur. Komandada vəziyyət necədir?
- Çox istəkliyik. Pis hazırlaşmamışıq. Baxmayaraq ki, çempionat oyununa görə tam düşündüyümüz kimi kollektiv şəkildə hazırlaşa bilmədik. Amma ümumən hazırlığımız pis keçmədi. Yaxşı oyun və yaxşı nəticə ilə Bakıya dönmək istəyirik. Bunun üçün maksimum güc sərf edəcəyik.
- Avropada süni örtüklü meydançalar Azərbaycandakından daha yaxşıdır. Amma istənilən halda, bu, "Qarabağ" a problem yarada bilər? Oyunqabağı məşqləri süni örtüklü meydanda etdiniz?
- Xeyr, bunu etməyə vaxtımız olmadı. Süni örtük futbolçuları çox yorur. Belə riskə getmədik. Bu gün məşqimizi elə həmin meydanda edəcəyik. Uyğunlaşmalıyıq, başqa çıxış yolumuz da yoxdur.
- "Qarabağ" mərhələni keçərsə, rəqibi də bəllidir, "Olimpiya" ilə qarşılaşacaqsız. Onların "Qalatasaray"la oyununu izlədiniz?
- Yox. Əsas öz oyunumuza baxırdım.
- " Rakov" dünən "Aris" səddini də keçdi. Bu, sizin üçün gözlənilməz oldu?
- Xeyr. Əvvəl də demişdim ki, "Rakov" bərk komandadır. Çox intizamlı kollektivdir. İnanıram ki, layiq idilər. Çünki çox istəkliydilər. Bunu ilk oyunda da gördük. Görünən odur ki, onlar həmin mərhələyə daha çox layiq idilər. Futbol elə idman növüdür ki, həmişə istədiyini əldə edə bilmirsən, həmişə güclü qalib gəlmir. "Rakuv" sıfırdan qurulan komandadır. Az vaxtda çox böyük işlər görüblər. Nəticələri də göz önündədir.
- Komandanın üzərində təzyiq var idi. HİK və "Turan Tovuz" qələbələrindən sonra bu mənfi atmosfer götürülüb?
- Müəyyən ölçüdə demək olar ki, götürülüb. Həyəcan hər bir halda var. Həyəcan olmayan oyun yoxdur. Matçdan əvvəl yaxşı tərəfini daha çox fikirləşirsən, amma pis tərəfini də düşünürsən ki, görəsən nə ola bilər. Həyəcan həmişə var, bu da normaldır. Həyəcan varsa, məsuliyyət də var.
- Transfer pəncərəsinin bağlanmasına az qalıb. Heç bir problem çıxmasa, "Qarabağ"la müqavilə imzalamağa gələn yeni futbolçu var?
- Yolda olan deməzdim, amma danışıq apardığımız oyunçu var. Ola bilər ki, dəyişillik olsun.
- "Rakov"un Çempionlar Liqasında qruplara qalmaq şansı var. Son illər "Qarabağ"ın uduzduğu komandaların daha da irəlilədiyini görürük. Bu bir növ, uduzsaz da, təsəlli olur, yoxsa həmin komandaların gücünü göstərir?
- Fərqli fikirlər söyləmək olar. Amma mən bu rəqibə ciddi yanaşırdım. Həmişə Polşa futboluna çox ciddi yanaşmışam. Çünki çox ölkələrin futbolunda olmayan intizam var onlarda. Sanki alman nizam-intizamı ilə bir-birinə çox bənzəyir. Ola bilər kənardan hər şey sadə görünsün. Amma oyunun, işin içində tam fərqli görüntülər olur.
Mirbağırağa
saytlarin hazirlanmasi