Avropa Konfrans Liqası III tənsifat mərhələsinin "Partizan"la cavab oyununa görə "Sabah"ın Premyer Liqada "Sumqayıt"la matçı təxirə salındı. Lakin avrokuboklarda iştirak edən digər təmsilçilərimiz "Neftçi" və "Qarabağ"ın çempionat oyunları baş tutdu.
"Qarabağ" 2-ci turda "Turan Tovuz"la, "Neftçi" isə "Səbail"lə qarşılaşdı. "Sabah"ın matçının təxirə salınıb, digər klublarımızın oyuna çıxması müzakirələrə səbəb oldu.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məsələ ilə bağlı açıqlama verib. Təcrübəli mütəxəssis futbolçuların oyun təcrübəsinin az olmasına görə "Turan Tovuz"la görüşün təxirə salınmasına ehtiyac duymadıqlarını bildirib:
"Belə fikir var idi. Məncə, matçın təxirə salınması üçün federasiya tərəfindən heç bir problem yox idi. Hətta danışıq da olmuşdu. Demişdilər ki, heç bir problem yoxdu. Sadəcə biz bu oyunun təxirə salınmasını bir o qədər də istəmədik. Gələcəkdə belə hal olsa, müraciət edəcəyik. Amma digər futbolçularımın da oynaması çox vacib idi. Oyun təcrübəsinin az olmasına görə bəzən görürsən ki, bəzi matçlarda futbolçu hansısa problemlə üzləşirlər. Buna görə də, təxirə salmadıq".
saytlarin hazirlanmasi