Qurban Qurbanov: "Transfer ola bilər"

20:38 - 20 Avqust 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 3-cü turunda öz meydanında "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Çox gərgin oyun oldu, vacib üç xal qazandıq. Çox açıqlama vermək istəmirəm. Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədir ki, bundan da gərgin oyunlara çıxa bilərik. Çünki futbolçuların hazırlığında bir az qeyri-stabillik var. Bu da başadüşüləndir. Bir qrup oyunçular avrokuboklarda, digərləri çempionatda oynayır, bəziləri zədəlidir. Buna baxmayaraq, bəzən belə hallarda futbolçularımın xarakterini, onların daha da böyümələrini görürəm. Düşünürəm ki, bu sıx qrafik, gərgin oyunların bizə faydası var. Qalib olmasaq belə. Çox əziyyət çəkdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə təşəkkürümü bildirirəm. Azər müəllimə, "Araz-Naxçıvan"a uğurlar arzulayıram

- Andrey Lunyovdan gözləntiləriniz nədir? Şahruddin Məhəmmədəliyevin əsas heyətdəki yerini itirəcəyini proqnozlaşdırmaq olar?

- Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə son 7-8 ayda oyun təcrübəsi çatmır. Dünən ilk məşqimiz oldu. Hazırlığı tam yaxşı səviyyədə deyil. Kimin əsas qapıçı olması onların özlərindən asılı olacaq. Lunyova ümidlərimiz böyükdür. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdur. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu əvvəldən istəyirdik.

- "Qarabağ" bu gün çox güc sərfəli oldu. Bu matçı "Olimpiya" ilə oyunqabağı səmərəli hazırlıq hesab etmək olar?

- Faydası olacaq. Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq və sonda qol vurmaq oyunçulara inam verir. Təki faydası çox olsun. Hər bir halda, iki gün əvvəl Bakıya qayıtmışıq. Beş saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də oyun saat 6-da oldu. Üç sutka keçməyib HİK-lə matçdan. Bizim borcumuzdur oynamaq. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyaları, əlimizdəki heyəti gördüz. Kevin Medinanın ağrıları var idi, risk etmədik. Bədavi Hüseynovun da ağrıları oldu. Bu hallar mənə də, komandaya da böyük təcrübə verir.

- "Olimpiya"nı araşdırmısız? İlk matçın səfərdə olması sizin üçün üstünlükdür?

- Ola bilər. Bəzən ilk oyun evdə olur, fayda verir. Futbol elə nöqtəyə gəlib ki, səfər və ev fərq etmir. İnşallah faydalı olar.

- Beş il əvvəl "Olimpiya" ilə oynamısız...

- Onda heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidir. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldır, xeyli sayda legioner Portuqaliyadandır. Portuqal və ispan futboluna daha yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, hər iki oyun maraqlı olacaq.

- Bəhlul həmin oyuna qədər hazır olacaq?

- Olmalıdır. Bu gün ağrıları azalmışdı. Sabahkı məqşdə görək özünü necə hiss edəcək. Ondan sonra məlumat verəcəyik.

- "Sabah" və "Neftçi" avrokuboklarda mübarizəni dayandırdı, yoluna davam edən tək komanda sizsiz. Əlavə məsuliyyət var?

- Bizdə məsuliyyətin olmadığı vaxt yoxdur. "Qarabağ"ın elə adı var ki, burada mütləq məsuliyyət olmalıdır. Bunu rəhbərlik də bizə bildirir, məndə və futbolçularda məsuliyyət çoxdur. İldən-ilə bizdən gözləntilər çoxalır. Amma ümumən "Sabah" və "Neftçi" uduzsa da, layiqli oyun göstərdilər. Matçlarına baxdım. "Neftçi"yə daha ciddi rəqib düşdü. Uduzsalar da, yaxşı oynadılar. Bu amil ola bilər ki, bizim məsuliyyətimizi daha da artırsın. Stimul həmişə var. Hamı "Qarabağ"lı olacaq. Biz də çalışacağıq ki, maksimum güc sərf edək ki, onları sevindirək.

- Mətbuatda daha bir transferin olacağı iddia olunur. Bu haqda nə deyə bilərsiniz?

- Ola bilər. Çünki transfer pəncərəsinin bağlanmasına bir neçə gün var. Əgər düşündüyümüz mövqeyə oyunçu tapsaq, edəcəyik.

- Lunyovun hazırkı durumuna əsasən demək olarki, ondan qrup mərhələsində faydalanacaqsız...

- Bir neçə gün vaxtımız var. Oyunqabağı məşqimiz oldu. Sabah və birigün də məşq olacaq. Baxacağıq. Son vaxtlar oyun praktikası olmasa da, təcrübəsi ona kömək edə bilər. Hazırlığı mənim üçün vacib olacaq. Qapıçı məşqçiləri ilə danışacağıq. Qarşıdakı oyunlarda öz idman formasını geri qaytarsa, istifadə edəcəyik.

- Mateus Barbosanın Bakıda olduğu deyilir...

- Düşündüyümüz transferlərdən Bakıda olanları yoxdur. 

- Qaspar Panadero komandada qalacaq?

- Ayrılmaq qərarına gəlmişik. Hazırda əvəzedici komandadır. Klub tapsa, buraxa bilərik. Yoxdursa, onun hüquqları var, sona qədər məcburuq ki, müqaviləsinə əməl edək. Amma özünə bildirilib ki, komanda tapsa buraxacağıq.

- Legioner futbolçu transfer ediləndə rüsum ödənilir. Milli üzvlərinə görə isə rüsum lazım deyil. Sizdə 15 legionerdən cəmi 5-i milli üzvüdür. Bu mənada, PFL-in rüsum məsələsi "Qarabağ"ın transfer siyasətinə ciddi təsir edir?

- Maddi tərəf mənə aid olmayan məsələdir. PFL-in bayrağı altında çıxış ediriksə, nizamnaməyə əməl etməliyik. Amma bəzən elə olur ki, düşünmədiyim transfer olur. Rüsuma görə yox, amma üumi olaraq milli üzvlərinə üstünlük veririk. Onların təcrübəsi, daim beynəlxalq oyunlarda iştirak etməsi bizə fayda verir. Bu transfer siyasətimizə problem törətmir.

- Görmək istədiyiniz Adama Diakabini görürsüz?

- Belə oyunlar futbolçuya da mənə də ümid verir. Baxmayaraq ki, iki oyunda qol vurub, bu gün də onun idman formasından razı deyiləm. Böyük potensiala malikdir, böyük liqalarda oyanyıb. Bu, davamlı olacaqsa, niyə də ondan istifadə etməyək? İnsanın özündən, peşəkarlığından da çox şey asılıdır. Daim çalışmalıyıq ki, stabilliyi qoruyub-saxlayaq. Üç matçda qalib gəliriksə, 4-5-ci oyunda uduzmaq limitimiz var, belə deyil. Stabilliyi saxlasa, avrokuboklarda da oynamaq ehtimalı var. 

- Qapıçılardan biri icarəyə veriləcək?

- Heç bir klubla danışıq getmir. Bəzən hansısa oyunçu daim oynamaq istəyir. Olsa, bunu nəzərdən keçirəcəyik. Olmasa da, hər dörd qapıçı bizimlədir.

Mirbağırağa

Xəbər xətti