"İdman TV" "Qarabağ"ı ittiham etdi

14:22 - 25 Avqust 2023

Dünən Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya" (Sloveniya) - "Qarabağ" oyununu yayımlamalı olan, lakin texniki səbəbdən problemlərin yarandığı üçün matçı təqdim edə bilməyən "İdman TV" açıqlama yayıb.

Sportal.az xəbər verir ki, telekanal sosial şəbəkə hesabında azarkeşlərdən üzr istəyib və "Qarabağ"ı işlərin düzgün qurulmamasında ittiham edib.

Həmin paylaşımı təqdim edirik:

" Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. Lakin istərdik ki, məsələnin və yaranmış problemin əsl mahiyyətini tamaşaçılar düzgün bilsin. Yaranmış problem çox təəssüflər olsun ki, hətta "Qarabağ" FK tərəfindən "İdman" TV-nin problemi kimi təqdim edilir. Həqiqətdə isə problem həm də məhz klub rəsmilərinin yayım məsələsinə biganə yanaşması, rəqib komandalarla  oyunun göstərilməsi ilə bağlı danışıqlarda "İdman" TV ilə əməkdaşlığı düzgün qurmamasıdır. Biz "İdman" TV olaraq "Qarabağ" FK-nın görüşəcəyi komandaları yayımlayacaq kanallarla ən azı 1 həftə əvvəldən danışıqlar aparır, texniki məsələləri dəqiqləşdiririk. Lakin, son anda siqnal alacağımız şirkət ya təmiz görüntü ötürmür, ya da gecikdirir. Problemi "Qarabağ" FK-ya çatdıranda isə qarşı tərəfdən hər hansı cavab almaq mümkün olmur. Yəni yalnız oyun deyil, yayım məsələsi də komanda işidir və burda ilk növbədə azarkeşi düşünərək kollektiv iş ortaya qoymaq lazımdır. "Qarabağ" FK-nın birmənalı olaraq "İdman" TV-ni ittiham etməsi isə həm anlaşılmaz, həm də qəribədir. Hər halda "İdman" TV olaraq biz də "Qarabağ" FK ilə münasibətlərə yenidən baxacaq və ikitərəfli əməkdaşlıqda məsuliyyətli yanaşma olacağı halda oyunların yayımını öz üzərimizə götürəcəyik".

Qeyd edək ki, "Qarabağ" "Olimpiya"nı 2:0 hesabıyla məğlub edib. Cavab görüşü avqustun 31-də Bakıda olacaq.

Xəbər xətti