"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqası pley-off mərhələsinin "Olimpiya" ilə matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 32 yaşlı vingerin müsahibəsini diqqətinizə çatdırır:
- Çətin oyun oldu. Onlar daha çox hücumameyilli oynayırdılar. Amma biz buna hazır idik. Bu gün biz meydanda vuruşduq, əsl xarakter göstərdik. Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Hədəfimizə çatdıq.
- Çox rahat oynayırdız. Bu, ilk matçdakı nəticəyə görə idi?
- Yox. Həmişə oyun istədiyin kimi alınmır. Rəqiblər bizi təhlil edirlər, üstün və zəif cəhətlərimizi bilirlər. Əsas olan hədəfimiz idi. Bunu da bacardıq.
- Sabah püşk atılacaq. İstəyərdin ki, yenidən "Rakuv"la qarşılaşasız?
- Həmişə böyük, adlı-sanlı komandalara qarşı oynamaq istəyirəm. Elə rəqiblərlə oynamaq bizim üçün yaxşı təcrübədir. Əgər "Rakuv"la eyni qrupa düşsək, qələbə qazanmağa çalışacağıq.
- İki oyundur ki, kapitanlıq bazübəndini taxırsan. Hansı hissləri keçirirsən?
- Baş məşqçi kapitanlığı mənə etibar edəndə çox sevindim. Amma əsasən buna fokuslanmıram. Yenə meydanda bacardığımın ən yaxşısını etməyə çalışıram. Eyni zamanda da "Qarabağ"ın kapitanı olmaq böyük şərəfdir.
- Bir qol da vursan, Azərbaycan futbolu tarixində avrokuboklarda ən çox qol vuran oyunçu olacaqsan. Bunu bilirdin?
- Xeyr, bilmirdim. Xatırlatdığınıza görə sağ olun. Reynaldonun burada etdiklərindən xəbərim var. Həqiqətən möhtəşəm karyerası olub. Onun uğurunu təkrarlasam, çox sevinərəm.
- Həmin qolu nə vaxt vuracaqsan?
- Ümid edirəm ki, qrup mərhələsində vuraram.
- 6 il əvvəl "Qarabağ" Çempionlar Liqasının qrupuna düşərkən klubun təklifini qəbul etməmişdin. Sən gələndən sonra isə komanda ÇL qrupunda iştirak etməyib. Həmin vaxt gəlmədiyin üçün təəssüflənirsən?
- Əslində həmin təklifdən bir neçə ay sonra komandanın Çempionlar Liqasının qrup oyunlarını izləyəndə içimdən təəssüf hissi keçdi. Təbii ki, bütün futbolçular ən nüfuzlu klub turnirində iştirak etməyi arzulayır. Həmçinin mən də. Amma dünyanın sonu deyil. Ümid edirəm ki, gələcəkdə bu imkanı əldə edəcəyik.
- Uzun illərdir "Qarabağ"dasan. Komanda sanki bu il baxımlı futbol oynamır, nəticəyə oynayır. Bu fikirlə razısan?
- İndi əksər komandalar nəticəyə oynayır. Yaxşı oynayıb uduzsaq, dəyəcəksiz ki, niyə məğlub oldunuz. Baxımlı oyun zamanla gələcək. Əsas nəticə qazanmaqdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi