Qurban Qurbanov: "Ölkəmizin dünənki zəfərinin futbolçulara faydası oldu"

23:38 - 21 Sentyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ilk turunda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra kçeirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- İlk olaraq xalqımızı təbrik etmək istəyirəm. Həm bu qalibiyyətə, həm də dünənki çox böyük qalibiyyətimizə görə. 30 ildən çox davam edən gərginliyə baxmayaraq, 44 günlük müharibədə zəfər qazandıq. Bu gün zəfərimizi bir də hiss etdik. Daha rahat, yuvasına köçmüş xalqımız var. Azərbaycan xalqını təbrik edirəm. Orudumuza təşəkkür edirəm. Cənab prezidenti təbrik edirəm. Böyük zəfər oldu. Bu gün qalib gəlməyi çox istəyirdik. Dünən oyundan narahat idim. Çünki oyunçular çox istəkliydilər. Futbolçularıma təşəkkür edirəm, bu cür oyun intizamına görə. Vacib qələbə qazandıq. Yaxşı, maraqlı oyun oldu. Sona kimi temp düşmədi. Möhtəşəm azarkeşlərimiz üçün belə oldu. Bizdən qələbə gözləyirdilər. Buradan qələbə sevinci ilə getməsi ruh verdi komandamıza. Qarşıdakı oyunlara hazırlaşacağıq

- Rəqibin baş məşqçisi ölkəmizdəki durumu bildiyini söylədi və xalq olaraq bizə uğurlar arzuladı. "Qarabağ" məcbur edib ki, Qarabağ Azərbaycanındır...

- Son vaxtlar belə fikirlər bizə çox bildirilib. Həmişə səfər görüşlərində rəhbərliklər görüşür, bizə fikirlərini bildirdilər. Azərbaycanlı olaraq bu gün bunu eşitmək sevindiricidir. Onun fikirlərinə görə çox sevindim.

- "Molde" "Qarabağ"la eyni qrupa düşəndə fərqli fikirdə olanlar var idi. "Qalatasaray"a qarşı oynamışdılar. Bu gün "Qarabağ" çox güclü göründü. Onları daha yaxşı analiz etmişdiz?

- Bu oyun bizi aldatmalı deyil. Avropada dəfələrlə olub ki, böyük hesabla qalib gəlib, sonra uduzursan. Rəqibi analiz etmişdik, vacib olan icraçılar idi. Elə olub ki, rəqibin oyununu futbolçulara tam çatdırmışıq, bəzən icra edənlər bəzi məqamlarda yerinə yetirə bilməyiblər. Çox yüksək intizamlı oynadıq. Bir daha əminəm ki, ölkəmizin dünənki zəfərinin futbolçulara faydası, köməyi oldu. Daha sərbəst və sevincli idilər. Hətta bu gün oyundan əvvəlki toplantıda legionerlərə dedim ki, onsuz da narahat deyildiz indiyə qədər, bu gün tam əminliklə rahat ölkədəsiz, müharibə olmayacaq bir ölkədəsiz. Bu da legionerlərə əlavə motivasiya verdi. Bizim legionerlərin hər biri "Qarabağ"ın bütün tarixi ilə maraqlanırlar. Daha intizamlı olduq. Belə oyun alındı. Ancaq cavab matçında rəqib bəlkə də böyük sürprizlər edə bilər.

- "Qarabağ" bir çox epizodları sağa-sola xərcləyirdi, futbolçular mənasız ötürmələr verirdi...

- Biz istəmərik ki, futbolçularımız mənasız hərəkət etsinlər. Çalışarıq ki, daha ciddi və mənalı olsunlar. Elə oyun idi ki, burada top bəzən dediyinə qulaq asmır. Əsas odur ki, hücumları düşünərək etmişdik.

- Andrey Lunyov avrokuboklarda "Qarabağ"ın heyətində debüt etdi. Ona necə qiymət verərdiz?

- Normal. Təcrübəli qapıçıdır. Belə oyunlarda, belə atmosferdə çox oynayıb. Təcrübəsi bu cür matçlarda bizə kömək edə bilər. Bir az narahatlığım var idi. Azərbaycan çempionatında bir oyunda oynamışdı. Luka Quqeşaşvili də yaxşı formadadır. Belə qərar verdik. O da öz təcrübəsindən yaxşı faydalana bildi.

- Bugünkü qələbəni dünən siyasi müstəvidə qazanılan qələbənin davamı hesab etmək olar? Sırf "Qarabağ"ın adına görə...

- O zəfər elə zəfərdir ki, bizim etdiklərimiz onların yanında cüzi uğurdur. Nə qədər şəhidlərimiz, yaralılarımız var. Biz məsuliyyəti dərk edərək addım atırıq. Heç vaxt komandanın əldə etdiyi uğurları böyütmək istəməmişəm. Buna görə də onun davamıdır deməyə utanaram. Elə zəfərdir ki, sonradan heç nə əvəz edə bilməz. Sanki o qalibiyyət bizə böyük motivasiya verdi. İnanın ki, çox sevincli idim dünən və çox da narahat idim. Futbolçulara bildirmirdim. Gözümün önümə məğlubiyyəti gətirirdim. O zəfərdən sonra buradakı məğlubiyyət... Bu, sadəcə idmandır. Amma yenə də bu ad bizim üzərimizdədirsə, maksimum çalışacağıq ki, qarşıdakı matçlarda da uğurlar əldə edək.

- Redon Cica bu gün niyə yox idi?

- Son məşqdə zədələndi. Ayağında problem oldu. Hətta bu gün heyətdə yox idi. Ona sanki bu gün ehtiyac var idi. Çünki sürətli artırmaq lazım idi. Planımızda var idi, amma alınmadı. Xeyirlisi.

- Maksimin oyunundan razı qaldız?

- Təcrübəsindən istifadə etdi. Yaxşı, normal.

- Tahir Gözəl dedi ki, hesab ən azı 3:0 olmalı idi. Sizcə, hesab necə olmalı idi?

- Qol epizodlarımız çox oldu. Məndə fikir yoxdur ki, 3:0, 4:0 olmalı idi. Doğrudur, hər vurulmuş və buraxılmış qolun sonda təsiri ola bilər. Amma vacib olan neçə qol vurmaq yox, qələbə qazanmaqdır. 

- Marko Veşoviçi meydanda nə vaxt görəcəyik?

- Komandaya hələ qoşulmayıb. Fərdi qaydada məşq edir. Bəlkə də 20 gün, ya da bir aya qayıdar.

- Futbolçu karyeranız ərzinizdə bitirici zərbərlərlə diqqət çəkmisiz. Bugünkü epizodlardan neçəsini vurardınız?

- Mən heç gedib ora çıxa bilməzdim. Təsəvvür edin ki, bu qədər ajiotaj var idi, qələbə gözlənilirdi. Bəzi oyunlar var ki, kənardan fərqli görürük, düşünürük, futbolçuların məsuliyyətini hiss edə bilmirik. Bəzən həyəcan, bəzən çox istək sənə mane olur. Qarşıda imkanımız var ki, ustalığımızı daha da yaxşılaşdıraq.

- Son iki mövsümdə "Qarabağ" avrkuboklarda qrupda ilk dövrəni yaxşı bitirir. Amma ikinci dövrədə yaxşı alınmır. Bu qrupdakı qrafik sizə uyğun gəlir? Tarixdə ilk yaşana bilər ki, qrupdan çıxasız?

- Hələ heç nə deyə bilməyəcəm. Biz həmişə ehtiyatlı danışmalıyıq. Futbolda o qədər gözlənilməmiş nəticələr olub ki, ağlımıza gəlməzdi. Bu gün bəlkə oyun bərabərliklə bitərdi. Rəqib autdan topu cərimə meydançasına atırdı. Rəqibin elə silahları olur ki, səhv edə bilərsən. Komandanın oyunu mənim üçün daha vacibdir. Komandada böyük dəyişikliklər oldu. Amma o oyunu, istəyi qoruyub-saxlamaq mənim üçün çox vacibdir. Elə hallar olur ki, komandadan heç nə gözləmirsən, nəticə verir. Bunu təcrübədən görmüşük. "Çelsi" Çempionlar Liqasını qazananda ən zəif vaxtları idi, heç kim gözləmirdi. "Molde" qələbəsi ilə arxayın olmalı deyilik. Hər oyun çox gərgin alınır. Proqrama uyğun hər matça hazırlaşacağıq.

- "Molde"nin baş məşqçisi bildirdi ki, ev matçlarından çox şey asılı olacaq. Siz necə düşünürsüz?

- Bəli, evdə üstünlük var. Amma son vaxtlar bu tendensiya aradan qalxıb. Elə komandalar var ki, səfərdə daha etibarlı, daha sərbəst oynayırlar. Hər oyunda istənilən komanda nəticə verə bilər. Ola bilər, səfərdə daha çox xal götürək, nəinki Bakıda. Mən bir az fərqli yanaşıram.

- Marko Yankoviçlə nə danışırdınız?

- Bir az hirslənmişdi, sakitləşdirdim.

- Nəyə görə?

- Öz-özünə hirslənmişdi. Aqressivdir. Özü də bilmədi ki, nəyə əsəbiləşmişdi.

Mirbağırağa

Xəbər xətti