"Son 1 ildə Azərbaycan futbolunda yaxşılığa doğru bir neçə addım atılıb".
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və "Qarabağ"ın sabiq müdafiəçisi Ramiz Məmmədov deyib.
Hazırda "Şamaxı"nın vitse-prezidenti postunda çalışan tanınmış mütəxəssis AFFA və Peşəkar Futbol Liqasının (PFL) II Liqanı yaratmaqla böyük iş gördüyünü bildirib:
"Belə bir çempionata çoxdan ehtiyac var idi. Sevinirəm ki, nəhayət, İkinci Liqa yaradıldı və hazırda orada 14 komanda çıxış edir.
Hər komandada 20-25 nəfərin olmasını nəzər alsaq, bu, 300-dən artıq futbolçu deməkdir. Ola bilməz ki, bu komandaların hər birindən 3-4 nəfər istedadlı gənc üzə çıxmasın.
Biz gərək Birinci Liqa komandalarının çempionatının ayrıca keçirilməsini də müsbət qiymətləndirək. Əvəzediciləri gətirib onlarla bir yerə salmaq AFFA-nın əvvəlki idarəçilərinin böyük səhvi idi.
Bir qədər də belə davam etsəydi və yaş limiti götürülməsəydi, Azərbaycanda gənc futbolçu tapmaq mümkün olmayacaqdı. Səhv etmirəmsə, Rəşad Sadıqov də bir neçə il qabaq bunu demişdi.
Tamamilə doğru deyib. Yaxşı ki, AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədov bu problemə diqqət ayırdı, gənc futbolçu nəslinin kökünün kəsilməsinə imkan vermədi.
Mən bu çempionatı izləyirəm və gözümə xeyli prespektivli gənc dəyib. Onlar bu gün Birinci Liqada da oynamaq gücündədir. Həmin gəncləri biz 1-2 ildən sonra Premyer Liqada da görə bilərik.
Bu, sistem işidir və Premyer Liqa məşqçiləri o cavanlara diqqət ayırsa, əminəm ki, kimlərisə bəyənib seçəcəklər. Vaxt var idi, biz çox deyirdik ki, Azərbaycana İkinci Liqa lazımdır.
AFFA-dan o vaxt cavab verirdilər ki, futbolçu yoxdur, orada kim oynayacaq? Rövnəq Abdullayevin bu işə qol qoyması, Sərxan Hacıyevlə Elxan Səmədovun apardığı iş sayəsində gördük ki, "futbolçu yoxdur" deyənlər yalan danışıb.
Bir neçə il öncə Gənc Veteranlar Şurası yaratmışdıq və həmin vaxt bir çox ideyalar vermişdik. Respublikanın bütün kənd və qəsəbələrini qarış-qarış gəzib istedadlı uşaqları tapmaqdan tutmuş ta ölkə xaricindəki azərbaycanlıları bura gətirməyə kimi.
Onda AFFA-nın baş katibi Elxan Məmmədov bizə böyük vədlər verdi, amma heç bir əməli addım atmadı. Halbuki biz uzunmüddətli konsepsiya hazırlamışdıq və layihə həyata keçirilsəydi, bu gün Üçüncü Liqanı da yaratmaq olardı.
Rövnəq müəllim futbolu inkişaf etdirmək istəyən rəhbərdir. Ona düzgün təklif verən olsa, sizi əmin edirəm ki, dəstək olacaq.
Necə ki, Sərxan Hacıyevlə Elxan Səmədov ğunu elədi. Bu insanlar futbolu fikirləşirlər, daha bəziləri kimi hər məsələdə öz maraqlarını güdmürlər.
Belə adamlara dəstək vermək bizim kimi veteranların mənəvi borcudur. Hamımızın istəyi futbolda inkişafa nail olmaq olmalıdır.
Biz Qarabağı erməni işğalından xilas edən oğullar yetişdirən xalqıq, dövlətik. O boyda problemin öhdəsindən gələn xalq futbolda sözünü dünyaya deyə bilməz ki?
Bu, ondan qat-qat məsələdir. Bircə o lazımdır ki, futbolun başında bu sahənin inkişafını ürəkdən istəyən, futbol adamlarını yola verməyən şəxslər əyləşsin".
saytlarin hazirlanmasi