"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turunda səfərdə "Bayer"in qonağı olacaq.
Sportal.az saytı Leverkuzen təmsilçisi ilə matçdan öncə futbol mütəxəssisi Aslan Kərimovun fikirlərini öyrənib. Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq futbolçusu Ağdam təmsilçisinin uğurlu nəticə əldə etməsi üçün nə etməli olduğu haqda düşüncələrini paylaşıb:
"Bayer"in Bundesliqadakı yaxşı çıxışını nəzərə alsaq belə, "Qarabağ"ın da kifayət qədər təcrübəsi var. Birtərəfli oyun olmayacaq. "Qarabağ"ın cinah oyunçuları sürətli və texnikalıdırlar. Bu futbolçular birə-bir vəziyyətlərdə rəqiblərini geridə qoya bilsələr, qol imkanları yaranacaq. Bundan başqa, ikinci zonada topu elə keçirdikdən sonra sürətli əks-hücumlara çıxmaq olar. Bu da "Qarabağ" üçün üstünlük yarada bilər. Son oyunlara baxsaq, görərik ki, Ağdam təmsilçisi standart vəziyyətlərdən də uğur qazana bilir. Düşünürəm ki, bu amillər "Qarabağ"ın xal və ya xallar qazanmasına kömək edəcək. Təbii ki, yaxşı nəticə əldə etmək üçün müdafiəni də etibarlı saxlamaq lazımdır. "Qarabağ" ilk dəqiqələrdə topu özündə saxlamağa çalışacaq. Arxadan oyun qurarkən meydanın özünə aid olan hissəsində top itkilərinə yol vermək olmaz. Bütün alman komandaları yüksək pressinlə oynayırlar. "Bayer" də istisna deyil. Ötən mövsüm "Frayburq"la oyunu xatırlayaq. Matça yüksək pressinlə başladılar və qazandıqları iki topdan sonra qol vurdular. Daha sonra "Qarabağ" özünə gəlib oyunu bərabərləşdirə bilmişdi. "Qarabağ" top itkilərinnin kifayət qədər az olmasına çalışacaq".
"Bayer" hazırda 19 xalla Bundesliqanın lideridir. Kərimov Almaniya təmsilçisinin "Qarabağ"la görüşdə əsas oyunçulara istirahət verə biləcəyini dedi:
"Xabi Alonso "Bayer"də ispan futbolu ilə alman strukturunu birləşdirib və yaxşı komanda ortaya çıxarıb. Leverkuzen təmsilçisi Bundesliqada birinci pillədə gedir. Hər iki cəbhədə oynamaq onlar üçün əsas deyil. Bu sözləri "Qarabağ" haqda da demək olar. "Bayer" bu oyunda ehtiyat qüvvəsini meydana buraxsa, təmsilçimizin işi asanlaşa bilər".
Həm "Qarabağ"ın, həm də "Bayer"in bəzi futbolçuları milli komandaların düşərgəsindən qayıdıb. Bəs bu amil oyuna necə təsir göstərə bilər? Aslan Kərimovun sözlərinə görə, Azərbaycan təmsilçisinin heyətdə rotasiya etmək ehtimalı azdır:
"Millidən qayıdan futbolçuların performansından çox şey asılı olacaq. "Bayer"in oyunçularınin bir çoxu milli komandalarda çıxış edirlər. Baş məşqçi bəlkə də kimlərəsə dincəlmək imkanı verəcək. Bu sözləri "Qarabağ" haqda da demək mümkündür. Amma Azərbaycan təmsilçisi bu imkandan məhrumdur. Baş məşqçi Elvin Cəfərquliyevi ehtiyatda saxlayası deyil. Abdullah Zubir millidə oynamır. Marko Yankoviç millidə olsa belə, komandanın ayrılmaz hissəsidir. Bu cür oyunçuları ehtiyatda saxlamaq risk olardı. "Bayer" bunun öhdəsindən gələ bilər. Amma "Qarabağ" haqda eyni şeyi demək olmaz".
Elçin Əlixan
saytlarin hazirlanmasi