"Qurban Qurbanov yenə ortaya əla iş qoydu, nəticə necə olursa-olsun, "Qarabağ" tərifə layiqdir" - MÜSAHİBƏ

13:17 - 14 Dekabr 2023

"Qarabağ"ın sabiq qolkiperi Asmir Beqoviç Sportal.az saytına müsahibə verib. Hazırda İngiltərə Çempionşipdə mübarizə aparan QPR-in qapısını qoruyan 36 yaşlı bosniyalı Ağdam klubunun Avropa Liqasındakı çıxışını da dəyərləndirib.

- "Qarabağ"ın bu mövsümki çıxışını izləyirsiniz? Komanda Azərbaycan Premyer Liqasına liderlik edirlər. Avropa Liqasının qrup mərhələsində isə son tur öncəsi ikinci pillədə qərarlaşıblar. Bununla bağlı nə fikriniz necədir?

- Mümkün qədər “Qarabağ”ı izləməyə çalışıram. Düzü, Azərbaycan Premyer Liqasında onları izləmək bir az daha çətindir, amma mən onların Avropadakı oyunlarına baxıram. “Qarabağ” bu mövsüm çox təsirli idi. Onlar hazırda Avropanın ən yaxşı komandalarından biri olan “Bayer” (Leverkuzen), İsveç çempionu “Hekken” və “Molde” kimi çox yaxşı komanda ilə eyni qrupda idi. Qurban Qurbanov yenə ortaya əla iş qoydu. Nəticə necə olursa olsun, hesab edirəm ki, “Qarabağ” tərifə layiqdir.

- "Qarabağ" son turdan öncə Avropa Liqasında qrupda ikinci pillədə qərarlaşıb. Komanda bu gün “Hekken” önünə çıxacaq. Səncə, sabiq komandan İsveç təmsilçisini məğlub edə biləcək?

- “Molde” ilə görüşə də baxmışdım. Onların səfərdən xalla qayıtması məni sevindirdi. İnanıram ki, “Qarabağ” “Hekken”i məğlub edərək növbəti mərhələyə yüksələcək.

- Ümumiyyətlə, “Qarabağ”dakı hansı oyununuzu daha çox xatırlayırsınız? 

- Avrokuboklardakı bütün matçlar əla idi. Xüsusən də evdəki görüşlər. Ona görə də “Qarabağ”da keçirdiyim oyunların heç birini digərindən seçməzdim. Bununla yanaşı, Azərbaycan Premyer Liqasında oynamaqdan da həzz alırdım. Bəzi oyunlar çox yaxşı keçdi və bu, böyük təcrübə oldu.

- “Qarabağ”dan ayrıldıqdan sonra "Milan"a keçidin daha gözlənilməz idi. Bu necə oldu? Orada səndən “Qarabağ” haqda soruşdular?

- Təbii ki, “Qarabağ” hər yerdə tanınır və hər yerdə insanlar mənim oradakı təcrübəm haqqında daha çox bilmək istəyirdilər. “Milan”a getməyi özüm üçün təbii hərəkət kimi hiss etdim. Orada da çox gözəl vaxt keçirdim.

- Ümumiyyətlə, “Qarabağ”a xeyir verdiyinizi düşünürsünüz? Niyə “Qarabağ”da az müddət qaldınız, daha çox qala bilməzdiniz?

- Əlbəttə, Bakıda oynamağı çox sevirdim. Azərbaycan gözəl ölkədir, insanlar fantastikdir və orada daha uzun müddət qalmağı çox istəyərdim. Sadəcə mən “Qarabağ”da icarə əsasında oynayırdım, “Bornmut”a məxsus idim. Sonradan “Milan”a getmək perspektivi yarandı. Ona görə də bunu etdim.

- Qurban Qurbanovla münasibətiniz qalıb, heç onunla danışırsınız? Bir müddət əvvəl “Sauthempton”da baş məşqçi vəzifəsini yerinə yetirən, vaxtı ilə “Qarabağ”da çalışmış Ruben Sales İngiltərə mətbuatına açıqlamasında Qurban Qurbanov haqda xoş sözlər demişdi. Yəqin ki, bundan xəbərdarsan...

- Qurban Qurbanov böyük məşqçidir, gözəl insandır və mən onun komandasında oynamağı çox sevirdim. O, müasir futbola baxışı olan müasir məşqçidir. Onun rəhbərlik etdiyi “Qarabağ”ın heç bir şəkildə Avropa komandalarından geri qaldığını hiss etməmişəm.

Mirbağırağa

Xəbər xətti