"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade klubun sıralarını tərk etməyə yaxındır.
24 yaşlı futbolçu Çinin "Şanxay Şenxua" klubu ilə danışıqlar aparır. Kabo-Verde millisinin üzvü Asiya təmsilçisindən olduqca sərfəli təklif alıb.
Sportal.az xəbər verir ki, Andradenin meneceri Eduardo Oliveyra Pressing.az-a açıqlamasında onun Çin klubundan "yox" deyə bilməyəcəyi təklif aldığını bildirib:
"Leandronun "Qarabağ"la müqaviləsində 2,5 milyon avroluq sərbəstqalma bəndi var. Çin klubu isə 2,6 milyon avro təklif edib. Bu da "Qarabağ" üçün böyük satış olacaq, çünki oyunçunun bazar dəyəri 1,2 milyon avrodur. Andradeyə isə imtina edə bilməyəcəyi maaş təklif ediləcək. O, "Qarabağ"da yaxşı çıxış etsə də, həyatının bu mərhələsində belə bir təklifdən imtina edə bilməz. Leandro artıq "Qarabağ"dan ayrılmaqda maraqlı olduğunu göstərir, çünki o, yüksək məvacib alacaq və Çin klubunun ona təklif edə biləcəyi müqavilə ilə özü və ailəsinin həyatını dəyişəcək".
Bildirək ki, Leandro Andradenin "köhlən atlar"la 2025-ci ilin 30 iyununadək müqaviləsi var.
saytlarin hazirlanmasi