"Qarabağ"da Anton Krivotsyuk "eşqi yenidən alovlanıb".
Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, "köhlən atlar" bu keçidi həll etmək üçün 25 yaşlı mərkəz müdafiəçisinin məxsus olduğu Cənubi Koreyanın "Daejeon" klubu ilə danışıqları bərpa edib.
Cənubi Koreya təmsilçisi Antonu mövsümün sonuna qədər "Qarabağ"a satınalma şərti ilə icarəyə verməyə müsbət yanaşır. Çünki Asiya ölkəsində çempionatda fasilədir. "Qarabağ" Krivotsyukun maaşını qarşılamalı və icarə keçidi üçün müəyyən təzminat ödəməlidir.
Daha sonra isə "Qarabağ" Antonu birdəfəlik almalıdır. Ümumilikdə "Qarabağ"dan 650 min dollar təzminat tələb olunur. Ölkə çempionu bu məbləği taksit şərtlə ödəmək üçün asiyalılarla danışıqlar aparır.
Hazırda ağdamlılar bu keçidi həll etmək üçün səfərbər olub. Rahil Məmmədovun Polşanın "LSK Lodz" klubuna keçidi, digər müdafiəçi Kevin Medinanın uzun müddətlik zədələnməsi, Bədavi Hüseynov və Maksim Medvedevin yaşının üstünə yaş gəlməsi və yerli oyunçu qıtlığının yaratdığı problemlər "Qarabağ"ı arxa xəttə yeni oyunçu almağa məcbur edir.
Antonu Qurban Qurbanov hələ illər öncə komandasına gətirmək istəyirdi, lakin bu "izdivac" alınmırdı. İndi bu keçid üçün növbəti dəfə cəhd ediləcək.
Antonun universal oyunçu olması baş məşqçinin əsas qane edən məqamdır. Çünki, o, həm müdafiənin mərkəzində, həm də cinahlarında oynayır. Üstəlik, solaxay olması onun üçün əlavə üstünlükdür.
Əgər transfer reallaşsa, o, Avropa Liqasında "Braqa" ilə matça da sifariş olunacaq.
saytlarin hazirlanmasi