"Uşaqlar öz çempionatımızda daha rahat oynayırdılarsa, orada müqavimət hiss etdilər"

13:38 - 12 Fevral 2024

"Qarabağ"ın U-15 komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində iştirak edib. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv yarışı 5-ci pillədə başa vurub.

Turnirlə bağlı təəssüratlarını öyrənmək üçün "Qarabağ"ın akademiyasının koordinatoru Aftandil Hacıyevlə əlaqə saxladıq. Sportal.az saytına danışan mütəxəssis turnirin uşaqlar üşün faydalı olduğunu bildirdi:

"Uşaqlar üçün çox yaxşı və faydalı turnir oldu. Artıq ikinci beynəlxalq turnirdə iştirak edirdilər. Birincisi Kocaelidə olmuşdu. Orada nisbətən zəif rəqiblər idi, daha rahat çempion ola bildik. Amma Belarusda həm komandaların sayı çox idi, həm də peşəkar komandalar idi. Ən məşhuru Minsk "Dinamo"su idi ki, onlar son zamanlar akademiyaya çox böyük diqqət ayırırlar. Onların akademiyasını ziyarət etdik. Turnirin də qalibi elə bu komanda oldu. 

Digər rəqiblər də ortabab komandalar idi. Uşaqlar mübarizə hiss etdilər. Atletik baxımdan belə oyunlar görməmişdilər. Turnirdən əvvəl futbolçularda həyəcan var idisə, oyunlar keçdikcə özlərini daha yaxşı hiss etməyə başladılar. Deyərdim ki, yaxşı çıxış etdilər. Yeganə komanda idik ki, məğlub olmadan 5-ci yeri tutduq. Bizdən öndə olanlar məğlub olmuşdular. Biz sadəcə penaltilər seriyasında hakimlərin rəqibə simpatiyası nəticəsində uduzduq. Qapıçımız penaltini dəf etdi, hakim vuruşu təkrarlatdı. Bir az uşaqların hissləri ilə oynadılar. Yarımfinala və finala çıxa biləcək komandalardan biri də biz idik. Amma olmadı. Ümumən futbolçular çox yaxşı təcrübə qazandı. 5-8-ci yerlər uğrundakı rəqiblər də yaxşı komandalar idi. Uşaqlar öz çempionatımızda daha rahat oynayırdılarsa, orada müqavimət hiss etdilər. Özləri də etiraf etdilər ki, belə turnirlər tez-tez olsa, daha yaxşı inkişaf edə bilərlər. Biz də bunun üçün çalışacağıq. 15 yaşdan aşağı komandalar bizim hədəf qrupumuzdur. Çalışacağıq ki, 3-5 ilə bu futbolçuları daha yaxşı səviyyəyə gətirək və peşəkar futbola bəxş edək.

Turnirdə təşkilatçılıq çox yüksək səviyyədə idi. Çəkilişdən tutmuş, futbolçuların qalmaq yeri, qidalanmasına qədər. Oyunları yutub vasitəsilə canlı yayımlayırdılar. Çox razı qaldıq. Gələcəkdə bu turnirdə digər yaş qruplarımız da iştirak edəcək. Ola bilər ki, martda 13-14 yaşlılarımızı da ora aparaq".

Aftandil Hacıyev turniri bir çox ölkələrdən skautların izlədiyini bildirdi. Onun sözlərinə görə, "Qarabağ"ın bir neçə futbolçusu skautların diqqətini cəlb edib:

"Turniri digər ölkələrin skautları da həm canlı, həm də yutub vasitəsilə izləyir. Hətta bəzi futbolçularımızı bəyəniblər. Bizimlə əlaqədə olacaqlar. Avropanın bir neçə ölkəsinə uşaqları baxışa göndərmək də mümkündür. Gələcəkdə turnirlərin sayını çoxaltmağı düşünürük. Bu da futbolçuların yaxşı inkişaf etməsinə fayda verə bilər.  Əli Bəşirov haqda xoş sözlər deyə bilərəm. Ümumiyyətlə komandamız çox yaxşı çıxış etdi, hamının rəğbətini qazandı, hamı oyun üslubumuzu bəyənirdi. Futbolçuların bir neçəsi maraq dairəsinə düşüblər. Əcnəbi menecerlər matçları izləyirdi. Futbolçularımız gələcəkdə daha yaxşı təkliflər ala bilərlər. Məqsədimiz ölkə futboluna və milli komandaya oyunçular yetişdirməkdir".

Elçin Əlixan


Xəbər xətti