Nail Kərimov: "Qəbələ"dən ayrılandan sonra bir neçə klubdan təklif gəldi" - MÜSAHİBƏ

14:59 - 21 Fevral 2024

"Qarabağ" akademiyanın baş meneceri Nail Kərimov Sportal.az saytına müsahibə verib:

- "Qəbələ"dən ayrılmağınızın səbəbi nə idi?

- Komandanın turnir cədvəlindəki yeri və eyni ssenari ilə olan məğlubiyyətlər məni bu fikrə götürüb çıxardı. Çempionatın ilk yarısı başa çatdı. Düşündüm ki, II yarıda bəlkə nəsə dəyişə bilər. Yoldaşlıq oyunlarında da xüsusi bir dəyişiklik olmadığı sezilirdi. "Sumqayıt"a da eyni ssenari ilə məğlub olduq. Əksər oyunları rəqibdən nisbətən yaxşı futbol oynayıb hər hansı səhv ucbatından məğlub başa vurmuşuq. Ona görə də belə qənaətə gəldim ki, bəlkə mənim getməyimlə, əsas komandanın idarəçiliyinin dəyişməsi ilə müsbətə doğru hansısa dəyişikliklər olar. "Qəbələ"nın aşağı liqaya düşməsi mənim üçün ağır məqam olardı. Premyer Liqada iştirak etdiyi ilk gündən bu klubda işləmişəm. Əgər mən öz vəzifəmdə qalsaydım və komanda aşağı liqaya düşsəydi, mənim üçün suallar qalardı ki, bəlkə vaxtında bu qərarı versəydim vəziyyət başqa cür olardı. Bu mənada öz üzərimə düşən addımı atdım. Mənim görməli olduğum başqa işlər də var idi. Klubun ümumi strategiyası, büdcənin idarə olunması, beynəlxalq əlaqələr, ölkədaxili əlaqələr, akademiyanın idarəçiliyi, bütün bunların hamısı baş menecer postunun ətrafında birləşdirdi. Amma bu gün üçün prioritet məsələ komandanın Premyer Liqada öz yerini qorumağıdır. Mənim qalmağım komandaya təsirimin qalmağı demək idi. Təsirim olmayacaq, tam kənardan müşahidə edəcəkdimsə, bu da mənim üçün qəbulolunmaz bir şeydir. Buna görə də belə qərar verdim. Artıq üstündən bir müddət keçib. Bu gün soyuq başla da düşünəndə görürəm ki, doğru qərar vermişəm. Hazırda ən böyük arzularımdan biri budur ki, atdığım addım öz bəhrəsini versin və komanda Premyer Liqadakı yerini qorusun.

- "Qarabağ"a gedişiniz necə baş tutdu?

- "Qəbələ"dən ayrılandan sonra bir neçə klubdan təklif gəldi. Adlarını çəkməsəm belə, hər birinə öz dərin təşəkkürümü bildirirəm. Sadəcə "Qarabağ" daha əvvəl addım atdı və biz bir-birimizi yaxşı başa düşə bildik. Görüşümüz zamanı gələcək perspektivləri, məndən gözləntiləri müzakirə etdik. Klubun akademiyaya ayıracağı diqqəti, maddi imkanları və s. məqamları özüm üçün aydınlaşdırdım. Onu da deyim ki, "Qəbələ"dən ayrılmamışdan əvvəl haradasa işləmək barədə heç bir plan qurmamışdım. Fikrimdə olan yeganə məqam o idi ki, akademiyada işləmək istəyirəm. Çünki, mənim üçün akademiyada işləmək daha xoşdur, daha yaxşıdır. Əsas komanda işi daha çox gündəlik problemlərin həllinə yönəlik işdirsə, akademiyada isə uzunmüddətli layihələr qura bilmirsən, bir növ yaradıcılığa bənzəyən şeydir. Ümid edirəm ki, "Qarabağ"la olan bu iş birliyimiz hər iki tərəf üçün effektiv olacaq.

- "Qarabağ" akademiyası ilə bağlı hansı planlarınız var?

- Mövsümün əvvəlindən "Qarabağ"da akademiya cəhətdən dəyişiklik var. Aftandil Hacıyev akademiyanın baş məşqçisi təyin olunandan sonra müsbətə doğru xeyli addım atılıb. Düşünürəm ki, mən də onunla birlikdə yaxşı tandem yaradıb bu işi bir az da inkişaf etdirəcəyik. Konkret hədəf akademiyanı inkişaf etdirməkdir.

- "Qarabağ" akademiyası ilə bağlı tənqidlər var. Belə fikirlər var ki, xeyli müddətdir futbolçular yetişmir. Siz necə düşünürsünüz?

- Bu fikirlə heç bir halda razı deyiləm. UEFA-nın, FIFA-nın standartlarından bilirik ki, bir futbolçu 2 il hansısa klubun aşağı yaş qruplarında oynayıbsa, həmin klubun yetirməsi sayılır. Bu, o deməkdir ki, bir futbolçu bir neçə klubun yetirməsi sayıla bilər. İndi adını çəkəcəyim oyunçular başqa klublarda da oynayıblar, həmin klubların də zəhməti var. Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə "Qarabağ"ın aşağı yaş qruplarından keçib gəliblər. O yolu keçdikləri üçün klubun yetirməsi sayılırlar. Sıfırdan "Qarabağ"da başlayıb bu gün əsas komandada oynayan futbolçular nəzərdə tutulursa, ümid edək ki, gələcəkdə o da olacaq. "Qarabağ" kimi komandada bu, həqiqətən çətin məsələdir, amma mümkündür. Bu gün akademiya ilə çox da yaxından tanış olmasam da, bilirəm ki, əsas komandaya iddia edə biləcək uşaqlar var.

- Akademiyadan gəlib "Qarabağ"ın əsas komandasında möhkəmlənmək perspektivini necə dəyərləndirirsiniz?

- Nəriman Axundzadə ötən mövsüm əvəzedici komandada idi. Ötən mövsümdən etibarən əsas komandaya qoşuldu, bu mövsüm də əsas komandada çıxış edirsə, bu, aşağıdan gələn oyunçular üçün yaxşı işarədir. Heç kim fikirləşməməlidir ki, aşağıdan yuxarıya çıxmaq mümkün deyil. Son olaraq Nərimanın timsalında bir daha göründü. Əsas məsələ həm futbolçunun özünün özünü yetişdirməsi, həm də akademiya heyətinin o istedadı tapıb üzə çıxarıb, yetişdirib, əsas komandaya təqdim etməsidir. Yoxsa belə bir boşluq olduğunu düşünmürəm. Ümumiyyətlə dünyanın ən yaxşı akademiyalarında belə əgər bir nəsildən bir oynayan futbolçu əsas komandanın heyətinə düşə bilirsə, bu, o deməkdir ki, həmin nəsil minimum tapşırığı yerinə yetirib. Daha çox oyunçu varsa, artıq bu, böyük uğur, böyük nəticədir.

- Yeni akademiyanın inşa olunması üçün ərazi məsələsi nə yerdədir?

- Bununla bağlı çox ətraflı məlumat verə bilməyəcəm. Çünki, təyinat kifayət qədər yeni olub. Yavaş-yavaş işlərlə tanış olduqca bu məsələlərin də üzərində dayanacağıq. Bilirəm, bu haqda söhbətlər gedir. Zamanla ən doğru yer seçilib, ən yaxşı akademiyanın inşa olunacağına ümid və inam böyükdür. Onu da deyim ki, hazırda bir neçə meydançadan istifadə olunur. Təbii ki, çətindir, problemlidir. Akademiyanın məskunlaşdığı əsas yer olan Sərhədçi İdman Mərkəzində süni örtük yenisi ilə əvəzlənit. Bu da yaxşıya doğru addımdır. Örtük çox köhnəlmiş, istifadəyə yararsız halda idi. Təxminən bir ay iş gedəcək. Bu proses də işləri çətinləşdirir. Amma bu çətinliklərin müvəqqəti olduğunu nəzərə alsaq, əsas məsələ odur ki, əldə yaxşı futbolçular olsun və onları haradasa icarəyə götürülmüş, müvəqqəti meydançalarda inkişaf etdirib bir yerə gətirib çatdıraq. İnfrastruktur sözsüz ki, vacib şərtdir. Amma təsəvvür edək ki, yaxşı meydançalar və ya yaxşı bina var, amma əldə futbolçu yoxdur. Bu, fiyasko nəticədir. Əksi olsa, onda klub rəhbərliyi də daha sürətlə çalışar ki, o futbolçuların səviyyəsinə, keyfiyyətinə uyğun yeri hazırlayıb onlara təhvil versin.

Elçin Əlixan

Xəbər xətti