"Santuş yeni gəlib deyə, zaman lazımdır, hər şeyin yaxşı olacağına inanıram"

14:49 - 11 Sentyabr 2024

“Azərbaycan millisində hər zaman istedadlı futbolçular olub. İndinin özündə də var. Həqiqətən milliyə yaxşı futbolçular toplanıb. İsveç və Slovakiyaya qarşı oyunlar o qədər də pis deyildi. Ancaq nəsə çatmadı ki, onu nəticəyə çevirsinlər".

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq forvardı Branimir Subaşiç deyib. Azərbaycan millisinin şərəfini qorumuş serbəsilli veteran forvard komandamızın Millətlər Liqasında İsveç və Slovakiyaya qarşı keçirdiyi oyunları dəyərləndirib. Bununla yanaşı, o, millimizin gələcək perspektivindən söz açıb:

"Azərbaycan İsveçə qarşı çox yaxşı futbol nümayiş etdirdi. Təhlükəli hücumlar, real qol epizodları...Təəssüf ki, epizodları qola çevirmək alınmadı. Əminəm ki, ilk dəqiqələrdəki Ramil Şeydayevin qol epizodu qolla yekunlaşsaydı, milli həmin görüşdə qələbə də qazana bilərdi, ən azından bərabərlik olacaqdı. Slovakiyaya qarşı oyun da asan deyildi. Onlar son Avropa çempionatında yaxşı çıxış etmişdilər. Amma onlara qarşı da pis oynamadıq. Fernandu Santuş da yeni gəlib, yığma komandamıza sadəcə zaman lazımdır. Hər şeyin yaxşı olacağına inanıram. Ümid edirəm ki, Azərbaycan millisi lazım olan nəticələri qazanacaq".

Qeyd edək ki, Subaşiç 2007-2013-cü illərdə Azərbaycan millisində 40 oyun keçirib, 7 qol vurub.

Mirbağırağa

Xəbər xətti