İspaniya Kral Futbol Federasiyası (RFEF) azarkeşlərin islamofob şüarlarına görə tətbiq edilən sanksiyalarla bağlı apellyasiya şikayətinin FİFA tərəfindən rədd edilməsindən sonra İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Sportal.az xəbər verir ki, hadisə mart ayında İspaniya və Misir milli komandaları arasında keçirilən yoldaşlıq görüşündə baş verib. 0:0 hesabı ilə başa çatan qarşılaşma zamanı bəzi ispaniyalı azarkeşlər “Tullanmırsansa, deməli, müsəlmansan” şüarını səsləndiriblər. Şüarların təkrarlanmasından sonra stadionun diktoru azarkeşlərə bu cür davranışın yolverilməz olduğu barədə xəbərdarlıq edib, stadionun ekranında isə ayrı-seçkiliyə qarşı mesaj nümayiş etdirilib.
FİFA hadisəyə görə RFEF-i 20 min dollar məbləğində cərimələyib və İspaniya millisinin növbəti ev yoldaşlıq oyununda mövcud tamaşaçı yerlərinin ən azı 15 faizinin bağlanmasını tələb edib.
RFEF hesab edir ki, azarkeşlərin davranışı FİFA-nın İntizam Məcəlləsinin ayrı-seçkilik və irqçi təhqirlərlə bağlı 15-ci maddəsi əsasında deyil, siyasi, ideoloji, dini və təhqiramiz mesajları əhatə edən 17-ci maddəsi çərçivəsində qiymətləndirilməli idi. Lakin FİFA-nın İntizam Komitəsi federasiyanın bu arqumentini rədd edib.
saytlarin hazirlanmasi
