"Neftçi"nin azarkeşləri çox tələbkardır, nəticələrimiz gözlədiyimiz kimi olmamışdı" - "ağ-qaralar" üçün Bakıya gələcək

20:22 - 16 Oktyabr 2026

"Neftçi"nin çexiyalı sabiq futbolçusu Pavel Dreksa Sportal.az saytına müsahibə verib. 

- Hazırda işləyirsən, yoxsa futbolçu karyeranı davam etdirirsən? 

- İki il əvvəl Kiprdə karyeramı bitirdim. Orada 2-ci divizionda çıxış edən kiçik bir komandada baş məşqçi oldum. Hazırda burada PRO lisenziyası almaq üzərində işləyirəm, ona görə də hazırda Kiprdə məskunlaşmışam. "Anagennisi Derineyas" klubunda işləyirəm. 

- "Neftçi"ni izləyirsən? Bu mövsüm onların 90 yaşı tamam olur və çempionluq üçün oynayırlar. Onlar haqda hansı fikirdəsən?

- Bəli, əvvəllər oynadığım bütün komandaları izləyirəm. Üstəlik, keçmiş komanda yoldaşım Bassala Sambu da oradadır, ona görə də oyunların ən maraqlı anlarına baxmağa çalışıram. Düşünürəm ki, “Neftçi”nin heyətində yaxşı oyunçular var. Ümid edirəm ki, mövsümü uğurlu bir şəkildə davam etdirə biləcəklər.

- "Neftçi"dəki karyeranı necə xatırlayırsan? Uğurlu dönəm adlandırırsan?

- Çox vaxt keçib, amma orada oynamaqdan həqiqətən zövq alırdım. Azarkeşlər çox tələbkardır. Yekun nəticələr gözlədiyimiz kimi olmamışdı. Tezliklə “Neftçi”nin ev oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırıram. Ümidvaram ki, onlar uğurlu nəticə qazanacaq

- Azərbaycana sonuncu dəfə gələn çexiyalı futbolçu sən və Zdenek Folprext olub. Ondan sonra Azərbaycana çex futbolçu gəlməyib. Səncə, bunun səbəbi nədir? Çex futbolçular Azərbaycana gəlmək istəmir, yoxsa Azərbaycan klubları onlara maraq göstərmir?

- Düşünürəm ki, məsələ daha çox Çexiyadakı maliyyə vəziyyəti ilə bağlıdır. Çexiya klublarında oyunçular yaxşı maaş alırlar, buna görə də xaricdə, bu cür liqalarda oynamağa ehtiyac duymurlar.

- Yeri gəlmişkən, Çexiya çempionu “Slaviya” Bakıda “Sabah”a 0:2 məğlub oldu. Səncə matçın həlledici anı nə idi?

- Əvvəla, bu nəticəni heç gözləmirdim. "Sabah" bir az daha şanslı idi, xüsusilə "Slaviya"nın bəzi epizodlarına baxsaq, bunu demək olar. Amma eyni zamanda, "Sabah"ın hücum xəttində qol vura biləcək keyfiyyətli oyunçulara sahib olduğu da üzə çıxdı. Həqiqətən hücum xəttində çox güclü oyunçular var idi.

- Bəlkə də "Slaviya" rəqibini lazımınca qiymətləndirmədi?

- "Slaviya"nın "Sabah"ı qiymətləndirmədiyini düşünmürəm. Çünki onlar uzun müddətdir Çempionlar Liqasında qələbə qazana bilmirdilər. Sadəcə, "Slaviya"nın tətbiq etdiyi fiziki oyun tərzi Çempionlar Liqası səviyyəsi üçün kifayət etmir.

- Çexiyada bu məğlubiyyətə necə reaksiya verdilər?

- İnsanlar "Slaviya"nın nəticəsinə və oyununa qarşı çox tənqid etdilər. Bu, ölkənin reytinq əmsalı üçün heç də yaxşı hal deyil. Heç kim belə bir nəticə gözləmirdi, çünki klubların büdcələri arasında çox böyük fərq var.

Mirbağırağa
 

Xəbər xətti