Azərbaycanın U-21 yığmasının və "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov Sportal.az saytına müsahibə verib.
- Moldovanı(2:0) məğlub etdiniz, Şimali Makedoniya(0:0) ilə bərabərə qaldınız. Hər iki görüş sizin üçün necə alındı?
- Moldovaya qarşı matç ilk yoxlama görüşümüz oldu. Matçın çətin olacağını bilirdik, gözləyirdik. Biz də cəmi beş gün idi ki, birlikdəydik. Məşqçilər heyəti rəqibi analiz etmişdi, meydanda da çalışdıq ki, məşqçilərin tapşırıqlarını yerinə yetirək. Oyunun əvvəllərində iki qol vurduq. Pis oyun keçmədi. Doğrudur, səhvlərimiz oldu. Şimali Makedoniyaya qarşı görüş də çətin alındı. Hər halda, hər iki matçda da ən yaxşı şəkildə oynamağa çalışdıq.
- Ümumilikdə toplanış necə keçdi?
- Toplanışımız yaxşı keçdi. Məşqçilər korpusunun proqramına uyğun məşqlərimizi etdik. Kollektiv olaraq ən yaxşısına çalışdıq.
- Ayxan Abbasov U-21 yığma komandamızın yeni baş məşqçisidir. Sən əvvəlki məşqçilərlə də U-21 yığmasında oynamısan. Hazırkı komandanı əvvəlkilərdən fərqləndirən nədir?
- Əvvəlki milli komanda da hər şey yaxşı idi. Gözəl kollektiv var idi. İndiki kollektivimiz də yaxşıdır. Ayxan müəllimlə mövsümün əvvəlindən “Şamaxı”da birlikdə işləyirik. Kollektivdə ailə mühiti formalaşıb. Hər şey də yaxşı davam edir. İşləyirik, çalışırıq.
- U-21 yığması qrupda Portuqaliya, Çexiya, Cəbəllütariq, Şotlandiya, Bolqarıstan komandaları ilə qarşılaşacaq. Səncə, hazırkı kollektivlə hansısa nəticə əldə edə bilərsiz?
- Doğrudur, qrupda çətin rəqiblərimiz var. Güclü komandalara qarşı oynayacağıq. Amma biz də hazırlaşdıq, yenə hazırlaşacağıq. Çalışacağıq ki, bu seçmə mərhələdə yaxşı nəticələr qazanaq.
- “Şamaxı”nı Premyer Liqada vacib matçlar gözləyir, liqada qalmaq uğrunda mübarizənin içindəsiz. Çətin olmayacaqki?
- Bizim üçün hər oyun ağır keçəcək. Bunu yaxşı bilirik. Ancaq çalışacağıq ki, uğurlu nəticə göstərək. Komandamız üçüncü dövrəni 11 xalla başa vurub. Dördüncü dövrədə də bunun davamını gətirməyi istəyirik. Hər oyuna final matçı kimi çıxıb lazım olan xalları qazanmağa çalışacıq. İnanıram ki, hər şey yaxşı alınacaq. Çünki yaxşı kollektivə sahibik.