"Neftçi"nin futbolçusu Filip Ozobiç Misli Premyer Liqasının 29-cu turunun "Şamaxı" ilə matçından (2:0) sonra Sportal.az saytına müsahibə verib:
- Qol vurmaqla qələbədə pay sahibi oldun. Bu haqda nə deyə bilərsən?
- Qol vurmaq hər zaman sevindiricidir. Hər bir futbolçu bunu istəyir. Amma ən vacibi komandanın qalib gəlməsidir. Mən də "Neftçi"nin qalib gəlməsi üçün əlimdən gələni etdim. Vacib olan komandanın qələbəsidir. Bu cür davam etmək istəyirik.
- Qarşıdakı turlarda "Zirə" və "Qarabağ"la qarşılaşacaqsız. Bu oyunlardan gözləntin nədir?
- Biz indi "Zirə" ilə oyuna baxırıq. Yalnız bu matç haqda düşünürük. "Zirə" yaxşı formadadır, yaxşı oynayırlar. Bilirik ki, çətin oyun olacaq. Əsas olan indi bu görüşə hazırlaşmaqdır. Daha sonra "Qarabağ"la oynayacağıq. Çətin qrafikdir. Onsuz da indi Premyer Liqada bütün matçlar çətin və vacibdir.
- Millinin son toplanışına dəvət olunmadın. Növbəti toplanışda dəvət gözləyirsən?
- Milli komandaya yenidən dəvət edilmək şansım varmı? Bilmirəm. Buna baş məşqçi qərar verir. Mən oyunlara çıxıram, komandam üçün əlimdən gələni edirəm. Necə olacağına baxacağıq. 34 yaşım var. Özümü yaxşı hiss edirəm. Əsas odur ki, zədəm yoxdur. Özümü yaxşı hiss edəcəyim təqdirdə, oynamağa davam edəcəm.
- Növbəti mövsümdə "Neftçi"də qalacaqsan?
- Mövsümün sonunda "Neftçi" ilə müqaviləm başa çatacaq. Hələ ki, yeni sözləşmə barədə danışıq olmayıb. Zaman var. Mövsüm davam edir. İndi növbəti oyuna fokuslanmışam. Mövsüm başa çatdıqdan sonra baxacağıq.
- Legioner limiti ləğv olunandan sonra yerli futbolçuların oynamaq şansını necə dəyərləndirirsən?
- Futbolçunun keyfiyyəti olduqdan sonra yenə də oynayacaq. AFFA-nın verdiyi qərardır. Hər oyunçu əsas heyət uğrunda mübarizə aparacaq. Keyfiyyətlidirsə, oynayacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi