"Neftçi" yeni transferi üçün nə qədər pul ödəyib? - "transfermarkt" açıqladı

14:21 - 6 İyun 2025

Almaniyanın "Transfermarkt" portalı "Neftçi"nin yarımmüdafiəçi Sessi D'Almeydanın transferi üçün ödədiyi məbləği açıqlayıb. 

Sportal.az xəbər verir ki, Bakı təmsilçisi beninli yarımmüdafiəçinin keçidi üçün Kiprin “Apollon” klubuna 200 min avro (təxminən 385 min manat) ödəyəcək. 

Xatırladaq ki, "Neftçi" D'Almeyda ilə "2+1" sxemi üzrə müqavilə imzalayaraq, transferi açıqlayıb.

Qeyd edək ki, tam adı Sessi Oktave Emile d'Almeida olan yarımmüdafiəçi Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını da şəhərin eyni adlı komandasında atıb. “Bordo”nun əsas heyətində 3 matça çıxan d'Almeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib. Daha sonra “Barnsli”, “Blekpul”, “Yovil” (hamısı İngiltərə), “Valensiyen” (Fransa), “Tondela” (Portuqaliya), "Pau" (Fransa) kimi komandalarda çıxış edib.

29 yaşlı futbolçunun son klubu "Apollon"(Limassol) olub. Həm Fransa, həm də Benin pasportuna malik olan futbolçu 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir.

O, Benin millisində 34 matçda 1 qol vurub.

Xəbər xətti