"Başqa məşqçi gələrsə, millidə nəticə olacağından əminsiz?" - MÜSAHİBƏ

11:56 - 9 İyun 2025

Azərbaycan millisinin sabiq forvardı, uzun illər Latviyada oynamış Vüqar Əsgərov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Latviya ilə bərabərə qaldı. Həmin görüşü stadiondan canlı izləyənlər arasında sən də var idin. Matçdan gözləntilərin nə idi və nə gördün?

- Federasiyaya təşəkkürümü bildirirəm. Məni VİP lojaya dəvət etmişdilər. Azərbaycanın bütün rəsmiləri ilə birlikdə oturmuşdum. Hətta məşqə də dəvət etmişdilər. Çox xoş idi. Tabloda sonda 0:0 hesabını gördüm. Millimizin üzvlərinin keyfiyyəti var idi. Amma Latviyaya da afərin. Düzü, Azərbaycan millisinin qələbəsini görmək istəyərdim.

- Azərbaycan millisi haqda hansı fikirdəsən? Səncə, milli daha da güclənib, yoxsa zəifləyib?

- Hamınız statistikanı bilirsiz. İki bərabərlik, 7 məğlubiyyət var. Bu barədə çox danışmağa da ehtiyac yoxdur.

- Fernandu Santuş milli komandamıza rəhbərlik etməyə başladıqdan sonra yığma qələbəsiz qalıb. Səncə, portuqaliyalı mütəxəssislə yola davam etmək vaxt itkisidir? Yoxsa, perspektiv görürsən?

- Mən karyeramı bitirmişəm və bu haqda danışa bilmərəm. Fernandu Santuşu milliyə kim dəvət edib, ondan soruşmaq lazımdır. Başqa məşqçi gələrsə, millidə nəticə olacağından əminsiz?

- Millidəki futbolçu seçimi, futbolçu keyfiyyəti barədə hansı fikirdəsən? Məsələn, hansısa futbolçu var ki, əksər oyunçularımız onun səviyyəsində olsaydı, daha yaxşı nəticələr görə bilərdik?

- Əlbəttə, millidə yaxşı futbolçular var. Gənc oyunçulara da sahibik. Amma görünən odur ki, nəsə çatışmır. Baxırsan ki, futbolçularda keyfiyyət də var. Klublarında da əsas rolu sahiblənən oyunçulardır. 

-Azərbaycan millisini DÇ-2026-nın seçmə mərhələsində Fransa, Ukrayna, İslandiya kimi rəqiblərlə oyunlar gözləyir. Bu görüşlərdən gözləntilərin nədir?

- İndidən bu millilər haqda düşünməyək. Çünki sabah Macarıstana qarşı yoxlama görüşü var. Hazırda yalnız bu görüş barədə düşünmək lazımdır. Ümdivaram ki, hər şey uğurlu alınacaq.

Mirbağırağa

Xəbər xətti