Millimiz yoldaşlıq görüşü çərçivəsində Macarıstana 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş oyundan sonra keçirilən mətbuat konfransında bunları qeyd edib:
"Oyuna yaxşı başlamadıq, erkən qol buraxdıq. Sonra bərabərlik qolu vurduq. Daha sonra balanslı oyun getdi. Rəqib çox yaxşı, keyfiyyətli oyunçulardan ibarətdir. Topa tez-tez sahib çıxırdılar. Oyunçuları sonadək inandırmağa çalışdım ki, bərabərliyi təmin edə bilərlər. Lakin yorğunluq var idi. Buna görə oyunçuları dəyişdik. Əlbəttə, mənim qərarım idi ki, irəli getsinlər. Oyunun sonlarında azı 3 qol epizodumuz var idi ki, fərqlənə bilərdik.
Santuş komandasından razılıq ifadə edib: "Kapitan Emin Mahmudovu fərqli mövqedə sınadıq. Onun 6 nömrə mövqeyində daha yaxşı çıxış etdiyini düşünürəm. Ümumilikdə, son 2 oyunda futbolçularımdan razı qaldım. Deyərdim ki, daha da yaxşı çıxış edə bilərik. Bu toplanışına baxanda nələr üzərində işləməliyiksə, onlar üzərində işləməyə çalışdıq. Deyərdim ki, pis alınmadı. Əlbəttə, çatışmayan cəhətlər də var. Bu toplanışda oyunçular yaxşı çıxış etdilər. Fərqli oyunçu seçimləri rəqibdən asılı olub. Lazımi anda bəzi oyunçulara dinclik üçün vaxt vermək lazımdır. Media önündə oyunçuları heç vaxt tənqid etməmişəm və etməyəcəyəm. Bu, elə bir məsələdir ki, oyunçularla danışılmalıdır".
Baş məşqçi Azərbaycan millisinin qol epizodunda əllə oyunun olması iddiası ilə razılaşmayıb: "VAR da olsaydı, qol sayılacaqdı".
Santuş "Portuqaliyada pensiya yaşı neçədir" sualına isə sualla cavab verib: "Bu sualın futbolla nə əlaqəsi var"? (Teleqraf)
saytlarin hazirlanmasi