"Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-də yaşayan Viktor İbekoye Sportal.az saytına açıqlama verib.
Uzun müddət ölkəmizdə “Qarabağ”la yanaşı, “Turan”, “Zirə”, AZAL klublarında çıxış etmiş İbokeye son olaraq ABŞ-da “Nort Karolina”da oynayıb.
O, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axunzadənin “Kolumbus Kryu”ya transferi haqda bunları bildirib:
"Azərbaycan futbolu üçün yaxşı transferdir. MLS klubuna keçmək, bu liqada futbol oynamaq şansının yaranması çox yaxşı haldır. Azərbaycan futbolu ilə daim maraqlanıram, çünki orada uzun illər oynamışam, bu dildə də danışa bilirəm. Nəriman çox yaxşı futbolçudur, gənc yaşı olsa da, yaxşı təcrübəsi var. Böyük perspektivə də malikdir. Fikrimcə, Nərimanın özü üçün də yaxşı oldu. Hər halda, o, Azərbaycanda ən yaxşı klubun, çempion komandanın futbolçusu idi. MLS kimi liqada oynayaraq, daha da yaxşı yerlərə getmək imkanı var. “Kolumbus Kryu”nun əsas heyət üzvünə, aparıcı futbolçusuna çevrilə bilər. Ona uğurlar arzulayıram. Ümidvaram ki, onunla ABŞ-da qarşılaşarıq. Hər halda, ona dəstəyimi göstərə bilərəm. Çünki Kolumbus mənim yaşadığım şəhərdən uzaqda da deyil. Özüm İndianapolisdə yaşayıram. Yəqin ki, oyunlarına imkan olarsa, gəlib baxacam”.
