Yığma komandamızın baş məşqçisi: "Təəssüf ki, növbəti mərhələyə çıxa bilmədik"

09:33 - 10 İyun 2026

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Şimali Makedoniya yığmasına qarşı keçirilən ​oyundan sonra fikirlərini bildirib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Əsgərov səfərdəki qalibiyyəti bu cür şərh edib:

"Futbolçuların çətin və ağır oyun qrafikinə baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşmışdılar. Baxmayaraq ki, qızlarımız çətin oyundan çıxmış və uzun yol gəlmişdilər, biz onları qarşılaşmaya qədər bərpa edib  oyuna kökləyə bildik. Macarıstanla görüşün nəticəsi psixoloji baxımdan komandaya təsir etmişdi. Həmin oyunun sonunda bir xal qazana bilərdik, lakin təəssüf ki, bunu bacarmadıq. Bu da, komandaya mənfi təsir göstərmişdi. 

Bugünkü oyuna gəlincə, komanda yaxşı motivasiya olunmuşdu. İlk dəqiqələrdən hər nüansa nəzarət edirdik. Məşq prosesində üzərində işlədiyimiz plana uyğun hərəkət etdik və bunun nəticəsini də gördük. Təəssüf ki, müdafiə xəttində buraxdığımız səhvdən sonra qol buraxdıq. Buna baxmayaraq, komandanı və qızlarımızı təbrik edirəm.
İstər bu mövsüm, istərsə də, son bir ildə qızlar həqiqətən möhtəşəm işlər görürlər. Bu oyun haqqında onu deyə bilərəm ki, qızlar çox gözəl çıxış etdilər. Sonda da, gözəl qələbə qazandıq. Təəssüf ki, qrupda 12 xal toplasaq da, reqlamentə uyğun olaraq, növbəti mərhələyə çıxa bilmədik. Bu, bizi çox üzür. Lakin bizim üçün son deyil. Biz hər zaman irəli baxırıq. Bu mövsüm bizə çox dəyərli təcrübələr qazandırdı, həmçinin komandaya yeni oyunçular qoşuldu. Bu da bizim üçün ən yadda qalan məqamlardan biridir.
İndi önümüzə baxmalıyıq. Qarşıda Millətlər Liqasının püşkatması olacaq. Püşkatmadan sonra həmin oyunlara hazırlaşmağa başlayacağıq".

Xəbər xətti