"Qarabağ" yoxlama oyununda "Zirə"yə 4:3 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Yeni gələn futbolçular özlərini necə göstərdilər?
- Hazırlığın ilk mərhələsinin son günü idi. Belə bir oyunun olmasını çox istəyirdik. Çox faydalı oyun oldu. Matçı üç hissəyə bölmüşdük - iki 30 dəqiqə və bir 45 dəqiqə. 8-9 günlük hazırlıqdan razı qaldım. Futbolçular çox məsuliyyətlə çalışırdılar. Düzdür, bütün oyunçular hazırlıq prosesində bir yerdə deyildilər. Bəziləri milli komandalarda idilər, bəzilərinin zədəsi var idi. Yeni gələn futbolçular 30 dəqiqə oynadılar. Onlar bizə çox gec qoşulublar. Hər biri haqda xoş təəssüratlarım oldu. Ümid edirəm ki, komandamıza faydalı olacaqlar.
- Komandada gedən yenilənmə prosesi sizi qane edir?
- Tam yox. İstərdim ki, işimizi tamamlayaq. Hələ ki tamamlanmayıb. Ümumən proses pis getmir. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha da sürətlənməsini istəyərdim. Amma hələ vaxtımız var. İnanıram ki, düşündüklərimizi həyata keçirə biləcəyik.
- Kevin Medinanın gedişindən sonra mərkəz müdafiəçisi transferi üçün danışıqlar gedir?
- Çox ciddi danışıqlar gedir. İstərdik ki, tez alınsın. Amma bir az yubana da bilər.
- Bundan sonra da komandadan gedənlər olacaq?
- Ola bilər.
- Heyətdəki dəyişiklikləri nəzərə alanda Avropa Liqasında I təsnifat mərhələsindən başlamağın daha yaxşı olduğunu düşünmək olar?
- Müsbət tərəfləri də var, mənfi tərəfləri də. Bəlkə də bir yerdə hazırlaşmaq üçün bizə daha çox vaxt lazım idi. Əlvə yoldaşlıq oyunları keçirsəydik, daha yaxşı olardı. Bizim təcrübəli oyunçularımız var. İnanıram ki, ilk oyuna yaxşı formada çıxa biləcəyik. Hansısa çətinliklər ola bilər. Çünki yeni komanda formalaşıb. Bu hallara hazır olmalıyıq.
- Neçə transfer olsa, sizi qane edəcək?
- Say olaraq deyə bilmərəm. Amma bir neçə mövqeyə oyunçu lazımdır.
- Gələn oyunçuların durumu sizi qane edir?
- Hazırda pis deyil. Uyğunlaşmaq üçün bir az vaxt lazım olacaq.
- Bundan sonra hansı mövqelərə transfer gözlənilir?
- Hər mövqe üçün futbolçularla danışıqlar gedir.
- Yeni mövsümdə "Qarabağ"ın Avropada hədəfi nə olacaq?
- Hədəf eyni olaraq qalır. Ən azından Avropa Liqasının Liqa mərhələsində iştirak etmək istəyirik. İşimizi bunun üçün quracağıq.
- Zakaria Savonun gəlişindən sonra Kamilo Duran cinahda oynayacaq?
- Oyundan asılı ola bilər. Belə futbolçuların həm hücumun mərkəzində, həm də cinahda oynaması üstünlükdür. Çox istərdim ki, mənim düşündüklərim faydalı olsun.
- Bu toplanışa əvəzedici komandadan çox futbolçu dəvət etmisiz. Demək olar ki, növbəti mövsümdə öz yetirmələrinizə daha çox şans verəcəksiz?
- Maraqlı uşaqlar var. Onlar böyük ehtimalla bizimlə qalacaqlar. Çox istərdim ki, tez bir zamanda formalaşsınlar və əsas komandanın üzvləri olsunlar. Ümid etdiyim bir neçə futbolçu var.
- Leandro Andrade və Fabian Buntiçin komandadan ayrılacağı ilə bağlı xəbərlər nə dərəcədə doğrudur?
- Hələ rəsmi bir şey yoxdur. Amma yaxın günlərdə nələrsə ola bilər.
- Bəhlul Mustafazadə Avropa Liqası oyununa kimi hazır olacaq?
- Ümumən pis deyildi. Bizimlə başlamışdı. Yüngül ağrılar hiss etdi. Ona görə bir az istirahətə ehtiyacı oldu. Avstriya toplanışına bizimlə başlaya bilər.
Elçin Əlixan
saytlarin hazirlanmasi
