İngiltərə - Meksika matçı daha erkən başlaya bilər - əlverişsiz hava şəraitinə görə

00:15 - 4 İyul 2026

DÇ-2026-nın 1/8 final mərhələsində keçiriləcək İngiltərə - Meksika oyununun vaxtı əlverişsiz hava şəraiti səbəbindən dəyişdirilə bilər.

Sportal.az BBC-yə istinadən xəbər verir ki, FIFA Mexiko şəhərindəki Estadio Azteca stadionunda baş tutacaq qarşılaşmanı daha erkən vaxta keçirməyi planlaşdırır. Matç əvvəlcə 6 iyul Bakı vaxtı ilə saat 04:00-a təyin edilmişdi, lakin indi onun 5 iyul saat 22:00-da keçirilməsi nəzərdə tutulur.

Bunun səbəbinin həmin saatlarda gözlənilən güclü yağış və ildırım təhlükəsi ilə bağlı hava proqnozları olduğu bildirilir. Bununla belə, FIFA təqvim dəyişikliyi ilə bağlı hələlik rəsmi izahat verməyib.

Turnirin təhlükəsizlik qaydalarına əsasən, stadiondan təxminən 13 km radiusda ildırım qeydə alınarsa, oyun avtomatik olaraq 30 dəqiqəlik dayandırılır.

FIFA-nın DÇ-2026 reqlamentində də qeyd olunur ki, qurum matçları “öz mülahizəsinə əsasən ləğv etmək, təxirə salmaq və ya başqa yerə keçirmək” hüququna malikdir.

Xəbər xətti