"Heyətimizdə çox keyfiyyətli oyunçular var, biz də özümüzdən daha yaxşı oyun tələb edirik" - Jo Batişta

18:33 - 24 Oktyabr 2026

"Turan Tovuz"un hücumçusu Jo Batişta Sportal.az saytına müsahibə verib.

- Son turda "İmişli" ilə qarşılaşdınız və 0:1 hesabı ilə məğlub oldunuz. Bir çoxları üçün bu, gözlənilməz nəticə idi. Sizcə, niyə məğlub oldunuz?

- Çox da alışmadığımız süni örtüklü meydançada çətin oyun keçdi. Komandamız məşqlərdə üzərində işlədiyimiz məqamları oyuna tətbiq edə bilmədi. Çox erkən qol buraxdıq, bundan sonra isə rəqib çox yaxşı müdafiə olundu. Sonda da uduzduq.

- Bu matçda komanda üçün heç nə istənilən kimi getmədi. Elə təəssürat yaranır ki, "Turan Tovuz" zəif rəqiblərə qarşı oynayanda çətinlik çəkir, güclü rəqiblərə qarşı isə yaxşı çıxış edir. Bunun səbəbi nədir?

- Komandamızdan gözlənilməyən bir performans oldu. İşimizin öhdəsindən yaxşı gəlmədiyimizi bilirik, lakin növbəti oyuna hazırlaşmaq üçün çox çalışmışıq. 

- Ümumiyyətlə, azarkeşlər daha yaxşı, daha dominant və hücumda daha çox vaxt keçirən bir "Turan Tovuz" görmək istəyirlər. Sizcə, buna nail olmaq mümkündür?

- Bəli, heyətimizdə çox keyfiyyətli oyunçular var. Biz də özümüzdən daha yaxşı oyun tələb edirik və hər oyunda daha da inkişaf etmək, irəliləmək üçün səylə çalışırıq.

- Bu gün "Turan Tovuz" "Neftçi" ilə qarşılaşacaq. "Neftçi" mövsümə uğurlu start verib. Sizcə, onları məğlub edə bilərsiniz?

- Bəli, "Neftçi" çox yaxşı hazırlanmış komandadır. Lakin bilirik ki, əgər özümüzün ən yaxşı futbolumuzu nümayiş etdirsək və oyun planımızı düzgün tətbiq etsək, onları məğlub edə bilərik.

- Milli komandalara verilən fasilə zamanı "Fənərbaxça" ilə yoxlama görüşü keçirdiniz. Oyundan sonra komandanın özünəinamı artdı?

- Nəticədən asılı olmayaraq, yaxşı oyun sərgilədik. Bu, bizə çempionatda daha da yaxşı nəticələr göstərmək gücündə olduğumuzu sübut edən dəyərli bir təcrübə oldu.

- Bu mövsüm Azərbaycan çempionatında rəqabət səviyyəsi artıb? Sizcə, hansı komandalar çempionluq uğrunda mübarizə aparacaq və sonda kim çempion ola bilər

- Bu il rəqabət səviyyəsi xeyli artıb və hər bir oyun çox gərgin mübarizə şəraitində keçir. "Sabah"ı çox yaxşı hazırlanmış, digərlərindən daha yüksək səviyyədə çıxış edən bir komanda kimi görürəm. "Sabah"dan sonrakı pillələrdə isə, hesab edirəm ki, bütün digər komandalar avrokuboklarda yer qazanmaq uğrunda sona qədər mübarizə aparacaqlar.

Mirbağırağa

Xəbər xətti