I Liqada oyuna çıxmayan "Mingəçevir" klubu dağılmaq təhlükəsi ilə üzləşib. "Şahdağ Qusar" meydana çıxsa da, meydan sahibləri oyuna gəlməyib.
Məsələ ilə bağlı Futbolun İnkişafı Fondu ilə əlaqə saxladıq. Çünki "Mingəçevir"in indiki rəhbərliyə verilməsi prosesinin əsas iştirakçısı bu qurum olub. Sportal.az saytına verilən açıqlmada FİF duruma belə münasibət bildirib:
"Klubdakı problemlər ötən ilin sonlarından başlayıb. Bir müddət izləmə mövqeyində qalsaq da, bu ilin əvvəlindən məsələyə müdaxilə etdik, xərclərin azaldılmasına və ümumi borcdan hissə-hissə ödəniş edilməsinə çalışdıq. Əks halda borc yükü daha böyük olacaqdı.
Bu mövsüm kluba əlavə maliyyə vəsaiti cəlb olunmuşdu. Klubun təlim-məşq toplanışı və yeni heyətin qurulması bu vəsait hesabına həyata keçirilib. Təəssüf ki, ödənişlərdə yenə gecikmələr yaşanıb. Hazırda məsələnin həlli üzərində işləyirik.
Vurğulamaq istəyirəm ki, klubun baş sponsorunun Fondun vasitəsilə cəlb olunmasını və FİF-in əsas fəaliyyət istiqamətini nəzərə alaraq, məsuliyyətimizi dərk edirik və problemin həllində klubun yanındayıq.
Müsbət məqam odur ki, hazırda maliyyə tərəfdaşları ilə danışıqlar aparılır və borcların qısa zamanda həllini planlaşdırırıq. Əlavə olaraq, klubun bu mövsüm üçün dövlət dəstəyi çərçivəsində nəzərdə tutulmuş maliyyəsinə hələ toxunulmayıb".
saytlarin hazirlanmasi
