Armin Fe: "Belə olan halda ev oyununa heç bir əlavə gərginlik olmadan çıxa bilərik" VİDEO

23:23 - 21 Avqust 2013

"Mən komandamdan yaxşı nəticə gözləyirəm"
 
Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, almaniyalı müəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:
 
- “Qarabağ” bu mövsüm bizə qədər Bundesliqa səviyyəli komandalarla qarşılaşmayıb. Amma buna baxmayaraq, onların taktiki cəhətdən necə güclü komandaya malik olduqlarını bilirəm. Yaxşı baş məşqçiləri var. Yetirmələrimə çətin olacaq.
 
- “Qarabağ” üç il öncə Dortmund “Borussiya”sı ilə də üz-üzə gəlmişdi. Yurgen Kloopla Ağdam klubu barədə danışmamısız?
- Xeyr. Mən ondan heç nə soruşmamışam.
 
- Bəs Azərbaycan yığmalarında çalışan həmyerliləriniz – Berti Foqtsla Bernard Lippertdən necə?
- Mən onların “Qarabağ” barədə bizə nəsə deyəcəklərinə şübhə edirəm. Çünki orda onların öz yetirmələri də çıxış edir.
 
- İlk oyunda sizi hansı nəticə qane edəcək?
- Mən komandamdan yaxşı nəticə gözləyirəm. Belə olan halda ev oyununa heç bir əlavə gərginlik olmadan çıxa bilərik. Növbəti mərhələyə, qrupa vəsiqə qazanmaq istəyirik. Bizdən fərqli olaraq, “Qarabağ” bu mövsüm daha çox oyun keçirib və öz oyun ritmini tapıb. Biz isə cəmi iki oyun keçirmişik, onları da məğlub başa vurmuşuq. Bu oyunumuz da çətin olacaq.
 
- Bundesliqadakı uğursuz startın səbəbini nədə görürsüz?
- Bu, cəmi iki oyundu. Biz “Bayern”ə qarşı çox yaxşı oynadıq. Heç-heçəyə layiq idik. Amma baş hakim qolumuzu saymadı.
 
- Ağdam klubuna qarşı necə oynamağa hazırlaşırsız?
- Biz hələ bu komandaya qarşı oynamamışıq. Ona görə bu oyunda nə edəcəyimizi deyə bilmərəm. Heç futbolçularımın da “Qarabağ” barədə ətraflı məlumatı yoxdu. Onlar bütün məlumatları bu axşam alacaqlar.
 
- “Qarabağ”ın heyətində hansı oyunçunu xüsusi qeyd edə bilərsiz?
- Ağdam klubunun heyətində yaxşı futbolçular var. Onlar oynamağı bacarırlar, qısa ötürmələrdən yaxşı istifadə edirlər. Amma kimisə xüsusi qeyd etmək istəməzdim.
 
 
 
- Hansı taktikaya üstünlük verəcəksiz?
- Deməyəcəm. Bunu sabah özünüz görərsiniz. Öz kartlarımızı indi sizə açmağım düzgün addım olmaz.

Xəbər xətti