UEFA-nın reytinqi açıqlandı: "Qarabağ" birincidir

12:41 - 12 Sentyabr 2013

"Neftçi" ikinci yeri tutur
 
UEFA klubların 2013/14 mövsümü və son beş mövsüm (2009/10, 2010/11, 2011/12, 2012/13 və 2013/14) üçün reytinq cədvəllərini açıqlayıb. 

Sportal.az xəbər verir ki, cari mövsüm üçün hazırlanan siyahıda Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. 

Ağdam təmsilçisi 237 komandanın yer aldığı siyahıda 43-cü yeri tutur. “Neftçi” 74-cü, “Xəzər Lənkəran” 119-cu, “İnter” isə 120-ci pillədə qərarlaşıb. 

Hələlik bu siyahıya Rumıniyanın “Styaua” komandası başçılıq edir. Lakin avrokuboklarda qrup mərhələsinin və qarşıda hələ pley-off oyunlarının da keçiriləcəyini nəzərə alsaq, reytinq siyahısında köklü dəyişikliyin olacağı dəqiqdir.
 
Son beş mövsümün siyahısında da Azərbaycan klubları arasında “Qarabağ” liderdir. Bu mövsüm Avroliqanın pley-off mərhələsinə qədər gələn Qurban Qurbanovun komandası 453 komanda arasında 189-cu yeri tutur. Bununla da ötən mövsümün yekununda 228-ci yerdə olan Ağdam təmsilçisi 39 pillə irəliləməyə nail olub.
 
Son mövsümdə “Qarabağ”dan bir pillə irəlidə - 227-ci yerdə olan “Neftçi” də budəfəki reytinqdə irəliləyib. Lakin “ağ-qaralar” 28 pillə önə gedib 199-cu yeri tutsa da, ümumi göstəricidə “Qarabağ”dan 10 pillə geridə qalır.
 
Reytinq sihasında Azərbaycanın digər təmsilçilərindən “İnter” 276-cı, “Bakı” 279-cu, “Xəzər Lənkəran” 299-cu, AZAL 377-ci, “Simurq” isə 379-cu yeri tutur. Son beş mövsümün reytinq siyahısına “Barselona” başçılıq edir. “Bavariya” ikinci, “Real” (Madrid) isə üçüncüdür.
 
Ümumilikdə Azərbaycan isə UEFA-nın reytinqində bu mövsüm üçün hələlik 19-cu, beş mövsümlük göstəriciyə əsasən 30-cu yeri tutur. 

Xəbər xətti